Aİ Rusiyanın Dəniz Gəmiçiliyi Registri ilə bütün əməliyyatları qadağan edib

450

Dünən – 2022-ci il oktyabrın 6-da Avropa İttifaqına üzv ölkələr Rusiyaya qarşı səkkizinci sanksiyalar paketini qəbul ediblər.

Avropa Komissiyasının saytında verilən məlumata görə, yeni paketə 7 milyard avro dəyərində Rusiya mallarının idxalına qadağa, Rusiya Federasiyasına kömür ixracı, silahlar üçün elektron komponentlər, aviasiya üçün texniki məhsullar və kimyəvi maddələr daxildir.

Sanksiyalar paketi həm də Rusiya neftinin Aİ daxilində ixracına dair G7 sazişinin həyata keçirilməsinə start verir: dəniz yolu ilə daşınan Rusiya neftinin qiymət həddinin müəyyən edilməsi üçün baza yaradılır; neft müəyyən edilmiş həddən yuxarı qiymətə alınarsa, dənizlə daşınmasına qadağa qoyulmasını nəzərdə tutur. Embarqo xam neftə 2022-ci ilin dekabrından, neft məhsullarına isə 2023-cü ilin fevralından qüvvəyə minəcək.

“Aİ-nin Rusiya xam neftinin dəniz yolu ilə idxalına qadağası tam qüvvədə qalsa da, qiymət həddi tətbiq edildikdən sonra avropalı operatorlara Rusiya neftinin əvvəlcədən müəyyən edilmiş qiymətini keçməmək şərti ilə üçüncü ölkələrə nəqlini həyata keçirməyə və dəstəkləməyə imkan verəcək, – Avropa Komissiyasının bəyanatında deyilir.

Aİ, həmçinin Birlik ölkələrinin vətəndaşlarına Rusiyada dövlət müəssisələrində yüksək vəzifə tutmalarına qadağa qoyub və Rusiyanın Dəniz Gəmiçiliyi Registri ilə bütün əməliyyatları qadağan edib.

“Seanews.az”