Gəmiçilik üçün ən təhlükəli dəniz zonalarının siyahısı yenilənib

478

Gəmilərin təhlükəsizliyinin təmin edilməsi sahəsində ixtisaslaşmış “Dryad Global” şirkəti gəmiçilik üçün ən təhlükəli dəniz zonalarının siyahısını yeniləyib. Buraya Rusiyanın “taxıl sazişindən” çıxması ilə əlaqədar Qara dəniz, Şimali və Cənubi Koreya gəmiləri arasında atışma ilə bağlı Şimali Koreyanın suları, həmçinin Moqadişuda terror aktı və gəmilərə terror hücumları riskinin artması ilə əlaqədar Somalinin suları daxildir.

“Seanews.az”ın məlumatına görə, bundan əvvəl “Bridge Stone” və “Dryad Global” ekspertləri 2023-cü il yanvarın 1-dən yüksək riskli dəniz zonalarının siyahısında dəyişikliklərin olacağını bildirmişdilər. Həmin tarixdən Hind okeanı bu regionda piratçılıq təhlükəsinin azalması səbəbindən siyahıdan çıxarılacaq. Eyni zamanda, Qvineya körfəzi yüksək riskli ərazi kimi qalacaq. Ekspertlərin proqnozlarına görə, Qara dənizin şimal hissəsi gəmiçilik üçün yüksək riskli ərazi olaraq qalmağa davam etsə də, gələn il vəziyyət dəyişə bilər.

Beynəlxalq Dəniz Bürosunun (IMB) piratçılıqla bağlı hesabatına əsasən, 2022-ci ilin yanvar-sentyabr aylarında 90 dəniz quldurluğu hadisəsi baş verib. Bu, son üç onillikdə qeydə alınan ən aşağı göstəricidir. Hadisələrin ümumi sayından 13-ü Qvineya körfəzi regionunda (2021-ci ildə 27) qeydə alınıb. Dünyanın ən böyük pirat ocağı hesab edilən Afrikanın qərb hissəsindən kənarda yerləşən regionda hücumların sayında azalma müşahidə olunur. Eyni zamanda, Sinqapur boğazında hücumlar artmaqda davam edir: 2022-ci ilin doqquz ayında (2021-ci ilin yanvar-sentyabr aylarında 21 hadisəyə qarşı) 31 hadisə qeydə alınıb.