S&P agentliyi SOCAR-ın 2023-2024-cü illər üzrə investisiyaları ilə bağlı gözləntilərini – AÇIQLAYIB

247

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2023-2024-cü illərdə 4-5 milyard manat həcmində irimiqyaslı investisiyalar yatıracaq.

FED.az xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin məlumatında deyilir.

Bununla yanaşı, agentlik kapital qoyuluşlarından sonrakı əməliyyatlardan şirkətin əldə etdiyi sərbəst pul vəsaitlərinin (FOCF) həcmini 1-2 milyard manat həcmində olacağını gözləyir.

“Baza ssenarimizə görə, neft və qaz qiymətlərinin dəstəkləyici təsiri sayəsində dövriyyə kapitalında ümumi borcun dəyişməsindən əvvəlki əməliyyat pul axınlarının (FFO) ümumi borca nisbəti 2023-2024-cü illərdə 30-40 % təşkil edəcəyini gözləyirik. 30 iyun 2022-ci il tarixində başa çatan 12 ay ərzində bu göstərici 41 % təşkil edib.

2023 və 2024-cü illərdə “Brent” markalı neftin bir barelinin qiymətinin 85-90 ABŞ dolları olacağı ilə bağlı proqnozlarımızı nəzərə alaraq, hesab edirik ki, SOCAR 30-40 % FFO/borc nisbəti (2021-ci ildə 28 % təşkil edib) baxımından yaxşı nəticələr nümayiş etdirəcək. Bu il borc/EBITDA nisbəti 2,0x-2,5x təşkil edəcək ki, bu da ötən il 2,8x səviyyəsində olub”, – agentlik qeyd edir.

S&P hesab edir ki, məhz bu, SOCAR-ın müstəqil kredit qabiliyyəti reytinqinin (SACP) “b-“dən “b”yə yüksəldilməsinə səbəb olub.

Agentlik vurğulayır ki, şirkət neft-qaz sənayesi, neft-kimya (Türkiyədə “Petkim” və “Mercury”, Azərbaycanda “SOCAR Polymer”), Bakıda gəmiqayırma zavodu, SOCAR-ın xammal məhsulları üzrə ticarət əməliyyatları və s. daxil olmaqla, müxtəlif sənaye sahələrində bir çox beynəlxalq və yerli layihələrdə fəal iştirak edib. Şirkətin əməliyyatlarının 80 %-i Azərbaycanda, 20 %-i isə Türkiyədə cəmlənib.

“SOCAR-ı əvvəlki kimi ölkənin neft-qaz sektorunda dövlətin əsas aktivlərindən biri kimi qiymətləndirməkdə davam edirik. Hesab edirik ki, ehtiyac yaranarsa, SOCAR-ın fövqəladə dəstək almaq ehtimalı yüksədir. Bu baxış SOCAR-ın ölkə iqtisadiyyatında əsas rol oynayan neft-qaz sektorunda dövlətin əsas aktivi kimi mövqeyini əks etdirir.

Şirkət 100 % dövlətin nəzarətindədir, heç bir özəlləşdirmə planı nəzərdə tutulmur. Hökumət SOCAR-ın strategiyasının müəyyənləşdirilməsində fəal iştirak edir, kapital qoyuluşu üçün əhəmiyyətli kapital və borc maliyyələşdirməsi ilə bağlı təcrübəyə malikdir. Hökumət iri dövlət strukturlarının (GRE), o cümlədən SOCAR-ın maliyyə vəziyyətinə nəzarət etmək üçün xüsusi komitə təsis edib. Bununla belə, biz SOCAR-ın reytinqini Azərbaycanın suveren reytinqi ilə (BB+/Stabil/B) bərabərləşdirmirik, çünki SOCAR-ın gündəlik idarəetməsinin kifayət qədər avtonom olduğunu hesab edirik. Bundan əlavə, SOCAR-ın borcuna dövlət tərəfindən yalnız qismən təminat verilir (2022-ci ilin sonunda təqribən 5 %), karbohidrogen sektorunda daha bir tanınmış GRE olan Cənub Qaz Dəhlizi (SGC) layihəsinin borcuna tam zəmanət verilir”, – S&P qeyd edir.