Kurık limanındakı taxıl terminalı 80 faiz hazırdır

312

Qazaxıstan Respublikasının Manqistaun vilayətinin hakimi Nurlan Noqayev “Kaspi Grain Way” şirkətinin nümayəndələri ilə görüşüb. Müəssisə Kurık limanında taxıl terminalının tikintisi ilə məşğuldur. Kurık limanındakı taxıl terminalı 80 faiz hazırdır.

“Seanews.az”-ın məlumatına görə, 25 min ton taxıl məhsulu saxlama anbarı olan və ildə 1 milyon ton ötürmə qabiliyyətinə malik terminalın bu il istifadəyə verilməsi nəzərdə tutulub.

 “Taxıl terminalı region üçün çox lazımdır, bu baxımdan layihənin gedişində maneələrin olmaması təmin edilməlidir. Hər hansı problem yaranarsa, məsul mütəxəssislər mövcud qanunvericilik çərçivəsində operativ tədbirlər görməlidirlər. Terminalın istifadəyə verilməsi nəqliyyat marşrutunun rəqabət qabiliyyətini yüksəldəcək, yükdaşımaları, ixrac potensialını artıracaq və Kurık limanı vasitəsilə yükdaşıma prosesini təkmilləşdirəcək. Bu, ölkənin tranzit və ixrac potensialını artırmaqla yanaşı, yerli kiçik və orta biznesin inkişafına töhfə verəcək”, – deyə Nurlan Noqayev bildirib.

Xatırladaq ki, Kurık limanında terminalın tikintisi üzrə əməkdaşlıq müqaviləsi 2021-ci ilin fevralında KTZ, Kurık limanı və “Kaspi Grain Way” tərəfindən imzalanıb. Terminal Qazaxıstan – İran/Qafqaz regionu ölkələri istiqamətində və daha sonra üçüncü ölkələrə taxıl məhsullarının ixracının həcminin proqnozlaşdırıla bilən artımını təmin edəcək.

Daha əvvəl bildirilmişdi ki, Aktau və Kurık limanları vasitəsilə daşımaların həcminin 2030-cu ilə qədər 18 milyon tona çatdırılması planlaşdırılır. Bu məqsədlə Aktau limanının infrastrukturunun modernləşdirilməsi və Kurık limanında ümumi və toplu yüklərin daşınması üçün terminalın tikintisi planlaşdırılır.