“Xəzərin irsi” adlı unikal sualtı arxeologiya sərgisi ziyarətçilərini gözləyir

472

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində “Xəzərin irsi” adlı unikal sualtı arxeologiya sərgisi başlayıb.

Sərginin açılış mərasimində ASCO-nun, Azərbaycan Milli Elmlər Akademiyasının, Milli Azərbaycan Tarixi Muzeyinin rəhbər şəxsləri və əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak ediblər.

“Heydər Əliyev İli” və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin yaradılmasının 165 illik yubileyi çərçivəsində təşkil olunan sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasından seçmə eksponatlar – Xəzərin Azərbaycan sektorunun dibindən aşkarlanmış artefaktlar, tarixi əşyalar nümayiş edilir.

Milli Azərbaycan Tarixi Muzeyinin zəngin sərvətinin bir hissəsini təşkil edən bu sualtı arxeoloji eksponatlar indiyədək muzey divarlarından kənarda nümayiş olunmayıb. Eksponatlar muzeyi ilk dəfədir ki, tərk edirlər.

“Xəzərin irsi” sərgisində təkcə Xəzərin dibindən tapılmış qədim eksponatlar deyil, Azərbaycan arxeologiyasının fəxri – sualtı arxeoloji qrupun fəaliyyətini əks etdirən dalğıc avadanlığı və ləvazimatları da nümayiş olunur.

Sərgidə ziyarətçilər Azərbaycanın su altında qalmış şəhərləri, batmış orta əsr gəmiləri, ölkəmizin zəngin mədəniyyəti və çoxşaxəli ticarət əlaqələri haqqında məlumat əldə etmiş olacaqlar.

ASCO sədrinin müavini Zaur Nağıyev, Azərbaycan EA-nın Memarlıq və İncəsənət İnstitutun direktoru Ərtegin Salamzadə, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, “Suraxanı” gəmi-muzeyinin direktoru Tural İbrahimov, Arxeologiya İnstitunun direktoru Abbas Seyidov, Tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov, arxeoloji qrupun üzvü Volovik Aleksandr İosifoviç çıxış edərək sualtı arxeologiya sərgisi barədə fikirlərini bölüşüblər. Bildirilib ki, unikal sərgi yalnız mütəxəssislər, tarix, arxeologiya və şərqşünaslıq fakültələrinin müəllim və tələbələri deyil, Azərbaycan tarixi və mədəniyyəti ilə maraqlanan hər kəs, o cümlədən ölkəmizin qonaqları üçün maraqlı olacaq.

Sərgi çərçivəsində “Suraxanı” gəmi-muzeyinin “Bələdçi kitabı”nın təqdimatı da keçirilib.

Qeyd edək ki, bu sərgi Milli Azərbaycan Tarixi Muzeyi və ASCO-nun “Suraxanı” gəmi-muzeyi arasında əməkdaşlıq haqqında imzalanmış Memorandum çərçivəsində təşkil olunub.

Memoranduma uyğun olaraq “Suraxanı” gəmi-muzeyində 200-dən çox artefaktın sərgilənməsinə xüsusi şərait yaradılıb, eksponatların nümayişi üçün havalandırma, işıqlandırma və təhlükəsizlik sistemləri ilə təchiz edilmiş yerlər seçilib. Artefaktların tarixini, əhəmiyyətini muzey ziyarətçilərinə çatdırmaq, həmçinin tapıntı yerlərini göstərmək, sualtı arxeoloji tədqiqatlarını işıqlandırmaq məqsədilə sərgidə interaktiv və multimedia avadanlığı qurulub, müvafiq proqramlar yaradılıb.

asco.az