Yaxın vaxtlarda Anakliya dəniz limanının tikintisinə başlanılacaq

305

Yaxın vaxtlarda Anakliya dərin özüllü dəniz limanının tikintisinə başlanılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında məlumat verib.

Qeyd olunub ki, Anakliya dərin özüllü dəniz limanının tikintisi Gürcüstan hökumətinin prioritetlərindən biridir. Bu limanın dövlətin və özəl sektorun birgə iştirakı ilə tikilməsi nəzərdə tutulub. Konsorsiumun 51 faizi dövlətə məxsus olacaq, 49 faizi ilə bağlı isə beynəlxalq tender elan olunacaq. Plana görə, Anakliya limanı birinci fazada ildə 7,8 milyon ton ötürmə qabiliyyətinə çatmalıdır.

Məlumat üçün bildirək ki, hazırda Gürcüstanda Batumi və Poti limanları fəaliyyət göstərir. Əsas yüklər Poti limanı vasitəsilə daşınır. Lakin bu liman 1500 konteynerdən çox yükü olan gəmiləri qəbul edə bilmir.

Anakliya limanının tikintisi Gürcüstan hökumətinin ölkənin yükdaşıma potensialını artırmaq, Şərqlə Qərbi birləşdirmək üçün böyük İpək Yoluna qoşulmaq məqsədilə 2016-cı ildə hazırlanmış layihədir. Limanın tikintisinə 2017-ci ilin dekabrında başlanılsa da, inşaat işləri altı ay sonra dayandırılıb. Tenderdə “TBS Holding” və Amerikanın “Conti İnternational LLC” şirkətlərinin birgə yaratdığı “Anakliya Holding JSC” şirkətinin “Anakliya Limanının İnkişaf Konsorsiumu” qalib gəlib. Lakin 2020-ci ildə Gürcüstan hökuməti maliyyə öhdəliklərini yerinə yetirə bilməməsi səbəbindən “Anakliya Limanının İnkişaf Konsorsiumu” ilə müqaviləni ləğv edib.