Yeni kruiz gəmisində turistlərə 800 nəfər xidmət göstərəcək

301

İtaliyanın “Fincantieri” gəmiqayırma qrupu “Allura” sinifli iki kruiz gəmisindən birincisi olan “Vista”-nı istismara verib.

“Seanews.az”-ın məlumatına görə, hər iki gəmi “Norwegian Cruise Line Holdings Ltd”-nin kruiz brendi olan “Oceania Cruises” üçün sifariş olunub.

Mərasim Genuyadakı “Sestri Ponente” tərsanəsində keçirilib. Burada 2011-ci ildə  “Oceania Cruises” və 2012-ci ildə ” Marina və Riviera” kruiz laynerləri təhvil verilib.

“Vista”-nın ümumi tutumu təxminən 67 min ton, sərnişin tutumu 1,2 min nəfərdir. Turistlərə personal və heyət üzvlərindən ibarət 800 nəfər  xidmət göstərəcək.

“Allura” sinfinə aid yeni nəsil gəmilərin layihəsinin hazırlanması “Fincantieri”, “Norwegian Cruise Line Holdings Ltd” və “Lloyd’s Register Society” ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.

“Norwegian Cruise Line Holdings Ltd”-yə “Norwegian Cruise Line” (“NCL”) və “Regent Seven Seas Cruises” kruiz brendləri daxildir. İkinci brendin donanması müvafiq olaraq 2016 və 2020-ci illərdə inşa edilmiş “Seven Seas Explorer” və “Seven Seas Splendor” gəmiləri ilə də tamamlanıb. “Regent Seven Seas Cruises” bu il üçüncü gəmini alacaq.