Xəzər dənizindəki balıq ehtiyatları 10-15 il əvvələ nisbətən on dəfələrlə azalıb

421

Dünyada dəyişən ekoloji şərait, artan əhali sayı və antropogen təsirlər balıq ehtiyatlarından da yan keçməyib. Elm adamlarının, ətraf mühit mühafizəçilərinin həyəcan siqnalı çalması vəziyyətin son dərəcə ciddi olmasından xəbər verir. Araşdırmaçılar belə qənaətə gəliblər ki, tükənmiş ehtiyatların zərəri çirklənmə, iqlim dəyişikliyi və yaşayış mühitinin itirilməsi təhlükəsindən daha böyükdür.

Bəs balıq ehtiyatlarının tükənməsinin əsas səbəbləri nələrdir? Milli Okean və Atmosfer İnstitutuna görə, balıq ehtiyatlarının tükənməsi həm həddindən artıq balıq ovu, həm də balıqların norma həddindən artıq ovlanmasının nəticəsidir ki, bu da iki ayrı problemdir. Dünyanın bütün su hövzələrində balıq ehtiyatlarının tükənməsi müşahidə olunur. Məsələn, Avropa İttifaqında həddindən artıq balıq ovu Atlantik okeanının şimal-şərqində balıq ehtiyatlarının ən azı 40 faizinə təsir göstərir. Aralıq dənizi və Qara dənizlərdə ehtiyatların 87 faizi eyni vəziyyətlə üzləşib.

Dəniz məhsulları Yer kürəsinin 3 milyard sakininin əsas qida mənbəyi olduğundan bir çox millətlər balıqçılıq məhdudiyyətlərini tətbiq etməkdən çəkinirlər. Belə olan halda isə ətraf mühit müdafiəçiləri xəbərdarlıq edirlər ki, balıqçılıq ehtiyatları tükənməyə davam edərsə, dəyişiklik qaçılmaz olacaq. Həmin dəyişikliklər isə daha böyük problemlərə gətirə bilər.

Həddindən artıq balıq ovu ekosistemləri pozur və okeanları dəyişməyə daha az davamlı edə bilər. Okeanlar artıq qlobal istiləşmə nəticəsində artan temperaturlara dözsə də, tədqiqatçılar tükənmiş balıq ehtiyatı olan ərazilərin qlobal istiləşmə ilə daha az mübarizə apardığını aşkar ediblər.

Dünyadakı balıq ehtiyatlarının üçdə ikisi ya öz limitində, ya da çox ovlanır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) balıq ehtiyatlarının 70 faizinin tam istifadə edildiyini, həddindən artıq istifadə edildiyini və ya böhran vəziyyətində olduğunu bildirib.

Planet sakinləri üçün heç də xoş olmayan bir iddia isə mövcud balıqçılıq tendensiyaları davam edərsə, 2048-ci ilə qədər demək olar ki, boş okeanlar görülə biləcəyidir. Hələ ki, iddia kimi ortaya atılan bu ehtimal vəziyyətin çox ciddiliyindən xəbər verməklə yanaşı, effektiv tədbirlərin görülməsini gecikdirməməyə sövq edir.

Xəzərin Azərbaycan sektorunda 80-ə qədər balıq növü mövcuddur

Dünyada 23 min balıq növü varsa, Xəzər dənizində bu say 120-yə qədərdir. Dənizin Azərbaycan sektorunda isə 80-ə qədər balıq növü mövcuddur. Növlərin sayı az olmaqla bərabər, əksər hissəsi endemikdir, yəni yalnız Xəzər dənizində yaşayır . Dünyanın bir parçası olan Azərbaycan da təəssüf ki, həmin mənfi tendensiyadan kənarda qalmayıb. Xəzər dənizinin hazırkı vəziyyəti onu göstərir ki, dəniz 30-40 il əvvəlki dövrdə olduğu kimi deyil. Hazırda dənizdə o qədər balıq ehtiyatı daha yoxdur. 2021-ci ildə “Əlif Hacıyev” elmi-tədqiqat gəmisi ilə Xəzər dənizində keçirilən ekspedisiyalar nəticəsində əldə edilən rəqəmlər heç də ürəkaçan deyil. Ekspedisiyaların nəticələrinə görə, Xəzər dənizindəki balıq ehtiyatları 10-15 il bundan əvvəl ilə müqayisədə on dəfələrlə azalıb. Son monitorinqlərin nəticələrinə görə, adi çəki, kütüm, Xəzər külməsi, şərq çapağı və şəmayı balıqlarının isə azaldığı müşahidə edilib. Mütəxəssislər Xəzər dənizinin balıq ehtiyatlarının azalmasının bir neçə səbəbi olduğunu deyirlər. Bildirilir ki, iqlim dəyişiklikləri nəticəsində Xəzər dənizinin nəinki Azərbaycan sektorunda, ümumiyyətlə, bütün Xəzər dənizi akvatoriyasında suyun temperaturu həm üst, həm də orta təbəqədə 4-5 dərəcə artıb. Nisbətən konservativ və dəyişilməz, dibə yaxın olan təbəqə sulfur təbəqəsidir. Suyun temperaturunun bu cür qalxması zooplanktonları yandırır. Bir tərəfdən yayda günəşin şüalanması da artır. Onların azalması zooplanktonla qidalanan xırda balıqların populyasiyalarının, əsasən də kilkələrin sayının azalmasına səbəb olub. Çünki kilkələr Xəzər ixtiofaunasının təxminən 60 faizini təşkil edir. Xırda balıqlarla qidalanan digər balıqlar, yəni yırtıcı balıqlar – nərə balığı, qızılbalıq, siyənəkkimilərin ehtiyatları on dəfələrlə azalıb. Dənizin səviyyəsi 2005-ci illə müqayisədə 1,5 metr enib. Son illərdə Kürün axar həcmi 40-50 faiz azalıb. Volqa çayında da həmin proses müşahidə olunmaqdadır. Belə vəziyyətdə balıqlar çaya girib kürü tökə, çoxala bilmirlər. Bu, yaxın illərdə bəzi balıqların yox olmasına da səbəb ola bilər.

Mayın 1-dən iyunun 30-dək idman və həvəskar balıq ovu ilə məşğul olanlar Xəzər dənizində balıq ovunu həyata keçirə bilməzlər

Mövcud vəziyyət nəzərə alınaraq ölkəmizdə daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpasına yönəlmiş tədbirlər həyata keçirilir, layihələr icra olunur. Bunlardan biri də balıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədar tətbiq edilən moratoriumdur.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev AZƏRTAC-a bildirib ki, hələ sovet dönəmində balıq və digər su resurslarının ovuna moratorium mövcud idi. Müstəqillik dövründə isə 1998-ci ildə qəbul edilmiş “Balıqçılıq haqqında” Qanun bunu özündə ehtiva edirdi. Daha sonra isə 2017-ci ildə Nazirlər Kabinetinin 243 nömrəli Qərarı ilə balıq və digər su resurslarının ovuna dair qaydalar təsdiqləndi. Artıq o dövrdən etibarən hər il mayın 1-dən sentyabrın 1-dək ölkədəki bütün su hövzələrində sənaye balıq ovuna qadağalar tətbiq olunur. “Daxili su hövzələrində isə – Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında aprelin 1-dən etibarən sənaye balıq ovuna moratorium qüvvəyə minib. Belə bir sual yaranır “həmin qaydalar həvəskar balıq ovuna da aiddir?” Suala cavab olaraq deyə bilərəm ki, mayın 1-dən iyunun 30-dək idman və həvəskar balıq ovu ilə məşğul olan şəxslər Xəzər dənizi, Xəzərə tökülən çaylar və onunla əlaqəli olan kanallarda həvəskar və idman balıq ovunu həyata keçirə bilməzlər. Əks halda onlara qarşı qanunamüvafiq tədbirlər görüləcək. Bu müddət ərzində yalnız süni sutatarlar, göllər və Xəzər dənizi və ona tökülən çaylarla əlaqəsi olmayan kanallarda tilovla balıq ovunu həyata keçirə bilərlər”.

Xidmət rəisinin sözlərinə görə, sənaye balıq ovu ilə bağlı son illərin statistikası onu göstərir ki, həmin balıq ovu ilə məşğul olanlar çəki, çapaq, qarasol, kütüm kimi balıqların ovuna daha çox üstünlük verirlər. Moratoriumun faydalarından danışdıqda deməliyəm ki, həmin dörd ay müddəti bütün balıqların çoxalma dövrü kimi götürülür və bu dövrlərdə balıq ovlanmaması onların populyasiyalarında sayın artımına və populyasiyalarının davamlılığına gətirib çıxarır. Həmçinin balıq və digər su resurslarının artırılmasına, o cümlədən ovuna dəstək olaraq hər il Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən su hövzələrinə milyonlarla balıq körpəsi buraxılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə il ərzində, həmçinin moratorium müddətində intensiv reydlər aparıldığını diqqətə çatdıran F.Əliyev deyib: “Reydlər zamanı qanunsuz balıq ovu ilə məşğul olanlar aşkarlanarsa, bu zaman İnzibati Xətalar və Cinayət Məcəllələri ilə təqsirkarlara qarşı qanunamüvafiq tədbirlər görülür. Belə ki, bu müddət ərzində qanunsuz balıq ovu 7 yüz manatdan 7 min manatadək cərimə, bir ildən iki ilədək islah işləri və yaxud da azadlıqdan məhrumetmə ilə nəticələnə bilər. Bu səbəbdən də vətəndaşları moratorium müddətində balıq ovu etməməyə, eyni zamanda il ərzində qanunsuz balıq ovundan çəkinməyə, qanunsuz ov alətlərindən istifadə etməməyə dəvət edirik. Çünki balıq və digər su bioresursları bizim sərvətimizdir və onların gələcək nəsillərə çatdırılmasını təmin etmək hər birimizin vətəndaşlıq borcumuzdur”.

Okean və dənizlərdə, eləcə də daxili su hövzələrində ekoloji şəraitin dəyişdiyini deyən Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının müdiri, dosent Süleyman Süleymanov bütün dünyada olduğu kimi ölkəmizdə də balıqların ehtiyatının tükəndiyini diqqətə çatdırıb. Bildirib ki, insanların sayı artdıqca balığa olan tələbat da artır. Su hövzələrindəki balıqlar artıq bunu qarşılaya bilmirlər. Dünyada idxal olunan balıqların 47 faizi qapalı sistemdə yetişdirilən balıqlardır.

Laboratoriya müdiri balıq ehtiyatlarının azalmasını su hövzələrinin çirklənməsinin və brakonyerliyin mənfi təsirləri ilə yanaşı, kürüləmə yerinin olmaması, balıqların kürüləmə dövründə maneələrlə üzləşməsi ilə əlaqələndirib: “Əvvəllər nərəkimilər, qızılbalıqlar dənizdə yaşayırdı, kürüləmək üçün Kür çayına gedirdi. Hətta Gürcüstana kimi gedib çıxırdı. Kürün suyunun azalması kürüləmə yerlərini məhdudlaşdırıb ki, bu da onların sayını xeyli azaldıb”.

İlboyu balıq ovuna icazə verilsə, gələcək nəsillər onları yalnız şəkillərdə görə biləcəklər

Balıq ovu qaydalarından danışan S.Süleymanov ilin müəyyən dövrlərində bu prosesin dayandırılmasının vacibliyini qeyd edib, əks halda vəziyyətin daha da acınacaqlı olacağını diqqətə çatdırıb: “Balıqçılıq haqqında” Qanunun 7-ci maddəsində ilin müəyyən vaxtlarında balıq ovunun qadağan edildiyi əks olunub. Azərbaycanda bütün su hövzələrində həmin müddət balıqların kürüləmə dövrü ilə əlaqədar olaraq mayın 1-dən sentyabrın 1-dək olan müddəti əhatə edir. Onsuz da ekoloji şərait dəyişib, dənizin səviyyəsi enib, Kür, eləcə də Araz çayında suyun miqdarı azalıb, dağlarda olan çaylar gəlib dənizə çatmır. Belə bir vəziyyətdə buna səhlənkar yanaşsaq, balıqların axırına çıxmış olarıq. İlboyu balıq ovlansa, xüsusilə də kürülü balığı ovlasaq, sonu heç də yaxşı olmayacaq. Bu zaman balıq da onun daxilindəki kürü də məhv olur. Nümunə üçün deyə bilərəm ki, çəkikimilər iki ildən bir nəsil verir, odur ki, onların həmin dövrdə ovlanmasının nə ilə nəticələnəcəyini təsəvvür etmək çətin deyil.

Balıqlar dənizdə yaşayan, keçici və yarımkeçici olaraq təsnif olunurlar. Xəzər dənizində yaşayan balıqların vəziyyəti nisbətən qənaətbəxşdir. Yarımkeçici və keçici balıqların aqibəti isə çox pisdir. Xəzər dənizinin səviyyəsi endiyindən, Kür çayının suyu azaldığından, həmin balıqlar kürüləməyə gedə bilmirlər. Əgər ilboyu balıq ovuna icazə verilsə, iki-üç il keçmədən istədiyimiz balıqları canlı şəkildə müşahidə edə bilməyəcəyik. Gələcək nəsillər isə onları yalnız şəkillərdə görə biləcəklər”.

S.Süleymanov bildirib ki, mayın 22-də “Qırmızı kitab”ın üçüncü nəşrinin işıq üzü görməsi planlaşdırılır. Onun sözlərinə görə, “Qırmızı kitab”a düşən balıq növlərinin sayı da artıb: “Bu nəşrə Kür siyənəyi və Volqa siyənəyi də əlavə olunub. “Qırmızı kitab”a düşən Xəzər qızılbalığı, qayabalığı, qızılı şirbit, Kür şirbitinin vəziyyəti heç də ürəkaçan deyil. “Qırmızı kitab”a düşən balıqlardan biri olan dəniz sıfını görmək isə demək olar ki, qeyri-mümkündür. Qırx ilə yaxındır Xəzər dənizində tədqiqat aparsam da, hələ dəniz sıfına rast gəlməmişəm. “Qırmızı kitab”ın son nəşrinə daxil edilən Volqa siyənəyi ötən əsrin 40-50-ci illərində ovlamada birinci yer tuturdu, indi isə yoxdur. Həmin balıq növünü Rusiya da öz “Qırmızı kitabı”na daxil edib. Volqa siyənəyinin vətəni şimali Xəzərdir. Son 15 ildə cəmi 16 Volqa siyənəyinə rast gəlmişəm.

Bir daha qeyd etmək istəyirəm ki, balıqların sayının bu dərəcədə azalmasına səbəb brakonyerliklə yanaşı, kürüləmə arealının məhdudlaşmasıdır. Balığın kürüsünün hamısı balıq halında geri qayıtmır. Tökülən kürünün 0,3 faizi balığa çevrilirsə, bu, normal hal sayılır. Qapalı sistemdə isə 100 faizə yaxın nəticə verir. O zaman kürüləməyə mane olan səbəblər olmur, körpə balıqlar yırtıcıların qurbanına çevrilmir. Təbiətdə isə vəziyyət tamam başqadır. Balıq kürüsünü tökəndən sonra körpə balıqlar dənizə miqrasiya olunur. Bu zaman yırtıcı balıqların, quşların hədəfinə çevrilirlər. Xıllı Nərə Balıqartırma Zavodunda demək olar ki, nəticə 100 faizə yaxındır. Kürüdən-kürü prinsipi ilə çalışan həmin zavodda balıqdan kürü alır, onu böyüdür, həmin balıqdan nəticə əldə edirlər. Yetişdirilən balıqlar bir müddət sonra su hövzələrinə buraxılır. Beləliklə ölkəmizdə balıq ehtiyatlarının mühafizəsi və artırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən bütün mümkün tədbirlər görülür. Vətəndaşların üzərinə düşən vəzifə isə qayda və qanunlara əməl etmək, görülən işləri dəstəkləməkdir. Bu zaman istədiyimiz nəticələri əldə edə bilərik”.