Ən çətin tapşırıqların öhdəsindən bacarıqla gələn kapitan Ağasıyev

792

Uzaq səfərlər kapitanı Ağa Rəşid Qurban oğlu Ağasıyev 1928-ci il mayın 22-də Bakıda dünyaya göz açıb.

1945-ci ildə Bakı dəniz yolları məktəbinə daxil olub. 1949-cu ildə “Gəmi sürücülüyü” ixtisası üzrə təhsilini başa vurduqdan sonra Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində işləyərək kapitanlığa kimi yüksəlib.

Odessa Ali Dəniz Mühəndisləri Məktəbində “Gəmi maşınları və mexanizmləri” ixtisası üzrə təhsilini tamamladıqdan sonra uzaq səfərlər kapitanı kimi fəaliyyət göstərib. Təcrübəli, məsuliyyətli kapitan, səmimi və təmkinli şəxs kimi kollektivdə dərin hörmət qazanıb. “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif olunub. “Dəniz Donanmasının fəxri işçisi” adına layiq görülüb.

Kapitan A. Ağasıyev həm də pedoqoji fəaliyyət göstərib – Bakı dəniz yolları məktəbində, Bakı balıq sənayesi texnikumunda ixtisası üzrə müdavimlərə dərs deyib. 1990-1993-cü illərdə həm də məsləhətçi kapitan kimi çalışıb.

1993-cü ilin sonundan etibarən “Xəzərdənizneftdonanma” İdarəsində işləyib. Burada da tələbkar, intizamlı və vicdanlı işçi kimi hörmət qazanıb, çətin tapşırıqların öhdəsindən bacarıqla gəlib. Müstəqil Azərbaycan dövlətinin ABŞ sahillərinə yan alan ilk gəmisini o idarə edib. ABŞ-ın Norfolk limanında kapitanı olduğu “Yarenqa” gəmisinin yedəyinə 2 gəmi alaraq Hindistanın  Bombey (indiki Mumbay) limanına aparıb. Belə mürəkkəb keçidi uğurla yerinə yetirərək, Azərbaycan dənizçilik məktəbinin şərəfini ucaldıb.

Kapitan A. Ağasıyev 2008-ci ildə – 80 yaşının tamamına 4 ay qalmış dünyasını dəyişib.  Gəmiçiliyin rəhbərliyi kapitan A. Ağasıyevin fədəkar əməyini yüksək dəyərləndirərək, Türkiyədə inşa olunmuş liman yedək gəmisinə onun adını vermişdir.

Sevda Abdullayeva – İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi

seanews.az