“Vahid logistik şirkətin yaradılması ölkələrin bürokratiyasına rəğmən yüklərin daha tez keçidini təmin edəcək” – Ekspert

450

Avropaya yüklərin daşınması üçün hazırda müharibə şəraitində olan Rusiyadan yan keçən optimal logistik sxemlərə ciddi ehtiyac var. Azərbaycanın coğrafi mövqeyi, logistika infrastrukturu eyni zamanda ərazisində diversifikasiya olunmuş nəqliyyat sistemlərinin mövcud olması faktı bu baxımdan ölkəmizi əvəzsiz edir. Azərbaycanın bu sahədə üstün imkanlarını dəyərləndirən Qazaxıstan, Azərbaycan və Gürcüstanla birgə logistika şirkəti yaradıb. Şirkətin yaranması ilə bağlı ötən həftə Qazaxıstanın Baş naziri Əlixan İsmayılovun Cənubi Qafqaza səfərinin sonunda saziş imzalanıb.

Azərbaycan-Gürcüstan-Qazaxıstan logistika şirkətinin fəaliyyət arealı və perspektivdə yaradacağı üstün imkanlar baradə “MediaPost”a açıqlama verən Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, vahid logistika şirkətinin yaranmasının əhəmiyyəti çox böyükdür:

alt text

“Çünki nəzərə alaq ki, dəhliz boyu ölkələrdən Qazaxıstan “Avrasiya Birliyi”ndə, Gürcüstan “Ümumdünya Ticarət Təşkilatı”nda təmsil olunur. Azərbaycan isə bu mənada ümumiyyətlə, heç bir təşkilata qoşulmayıb. Bu, hər ölkənin fərqli sərhəd keçid, gömrük prosedurlarını ehtiva edir. Bunlar da öz növbəsində yüklərin hər sərhəddə dayanmasının müddətinə təsir edir. Bu bürokratik əngəlləri aradan qaldırmaq və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (TBNM)  daha cəlbedici etməkdən ötrü verilmiş qərar, yəni vahid logistik şirkətin yaradılması müsbət haldır və ölkələrin bürokratiyasına rəğmən artıq heç bir maneəsiz yüklərin daha tez keçidini təmin edəcək”.

Rauf Ağamirzəyev yeni yaradılan şirkətin hazırda mövcud olan problemlər və darboğazların aradan qaldırılmasında əhəmiyyətinə də toxunub:

“Həmçinin dəhliz boyu Cənubi Qafqaz ölkələrində, xüsusən də Gürcüstanda darboğazların olması açıqlanır və bu yöndə də işlərin həyata keçirilməsinə ehtiyac var. Amma infrastruktur həlləri qərar verməkdən başqa fiziki olaraq işlərin görülməsini ehtiva edir və buna da zaman lazımdır. Bu sahəyə investisiya qoyulur və tikinti müddətini nəzərə alaraq 3-5 il ərzində darboğazlar da aradan qaldırılır. Ümumi olaraq pozitiv dinamikanı müşahidə edirik. Yəni Orta Dəhliz, Transxəzər Beynəlxalq Nəqliyyat ((TBNM) Marşrutuna yüklərin axınına marağı artırır.

Eyni zamanda bu yaxınlarda verilmiş xəbərə görə, TRASEKA layihəsi çərçivəsində Litvadan olan yük daşıyıcıların Litva, Polşa, Slovakiya, Macarıstan, Rumıniya Konstanta limanı vasitəsilə Poti limanına və oradan da Azərbaycanın Ələt daha sonra Qazaxıstan və Çinə doğru yükləri daşıması təşkil olunub. Həmçinin bunu da qeyd etmək yerinə düşər ki, ayın 27-si artıq Rumıniyanın Konstanta limanından Poti Limanına Ro-Ro tipli gəmilərin müntəzəm reysi təşkil olunub. Bu da yenə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə daşınan yüklərin artımına marağın çoxaldığını isbat edir. Bu mənada görüləcək işlər çoxdur. Verilmiş bu qərar, yəni Qazaxıstan Azərbaycan Gürcüstan arasında vahid logistik- şirkətin yaranması yüklərin fasiləsiz və sürətli keçidini təmin edəcək”.

Aynur Qəniyeva