Ukrayna Dunayda terminallar tikir

230

Ukrayna şirkətləri iyulun 17-də başa çatacaq Qara dəniz taxıl müqaviləsinə xitam veriləcəyi təqdirdə yerli hakimiyyət orqanları və biznes qurumları tərəfindən alternativ marşrut kimi nəzərdən keçirilən Dunayda taxılın daşınması üçün yeni terminallar tikir.

Bu barədə “Ukrainian Shipping Magazine” məlumat yayıb.

Ukraynanın icmaların, ərazilərin və infrastrukturun inkişafı nazirinin müavini Yuri Vaskov Dunay sahillərində 12 yeni terminalın yaradılmasının nəzərdə tutulduğunu, bəzilərinin artıq tikildiyini bildirib.

“Ukrainian Shipping Magazine” qeyd edir ki, Ukraynada bir çox bazar iştirakçıları taxılın saxlanması və ixracı üçün kifayət qədər imkanların olmaması səbəbindən Dunayda logistika infrastrukturu yaradırlar. Xüsusilə, “Nibulon” şirkəti İzmaildə yeni terminal tikir, “Kernel” kənd təsərrüfatı holdinqi Reni limanında “Dunay prom aqro” çay terminalını alıb. “Ukrayna Dunay Shipping Company”, “Asket-Shipping”, “Dunaube Logistics Group” şirkətləri də Dunayda infrastrukturu inkişaf etdirirlər.

May ayında Dunay regionunun limanları 3 milyon tondan çox yük aşırıb ki, bu da rekord göstəricidir. Bu il Ukrayna Dunay vasitəsilə ən azı 20 milyon ton yük işləməyi planlaşdırır. Hazırda Ukraynanın Dunayda yerləşən İzmail, Reni, Ust-Dunaysk limanları yüklərin aşırılması üçün demək olar ki, bütün imkanlarından istifadə edib. Bununla əlaqədar Ukrayna hakimiyyəti liman infrastrukturunu modernləşdirməyi və təkmilləşdirməyi planlaşdırır. Dunaydakı Ukrayna limanları üçün investisiyalara ehtiyac ən azı 120 milyon dollardır.

Nəşr hesab edir ki, Rusiya iyulda Ukrayna taxılının Qara dəniz vasitəsilə daşınmasına dair razılaşmalardan çıxa bilər. Bundan əlavə, Aİ-nin beş ölkəsi (Polşa, Rumıniya, Slovakiya, Bolqarıstan və Macarıstan) Ukraynanın kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub. Taxıl müqaviləsinə xitam veriləcəyi təqdirdə alternativ variant Dunay boyunca çay daşımalarıdır. Nəşr bildirir ki, Ukraynanın aqrar siyasət və ərzaq naziri Nikolay Solski bu yaxınlarda kənd təsərrüfatında logistika üzrə koordinasiya şurasının iclasını keçirərək, Qara dənizə alternativ olaraq Dunay marşrutunun inkişafı məsələsini müzakirə edib.

Seanews.az”