Rauf Ağamirzəyev: “Nəqliyyat dəhlizləri boyunca biznes subyektlərinin inkişafı yeni multi effekt yaradacaq”

231

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə nəqliyyat sahəsi ilə bağlı əsas tezislər səsləndirilib.

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev müşavirə zamanı prezident tərəfindən nəqliyyat sahəsində müəyyən edilən əsas strateji istiqamətləri “MediaPost”a şərh edib:

alt text

“Müşavirədə şimal, cənub, şərq və qərb dəhlizlərinin Azərbaycana verəcəyi fayda və hazırkı vəziyyətlə bağlı bəzi qeydlər olunub. Artan tələbata uyğun olaraq, yeni işlərin görüləcəyi anonsu verilib.  Bunlardan biri Azərbaycanın Xəzərdə olan mövqeyinin daha da möhkəmləndirilməsidir. Gəmiqayırma zavodunun vaxtında işə salınması nəticəsində həm Azərbaycanın tələbatı ödənəcək, həm də regiondan gələn sifarişlər vaxtında təmin ediləcək. Həmçinin dəhliz şaxələndirilməsi nəticəsində Azərbaycanın Qara dəniz hövzəsində mövqeyi möhkəmləndirilib. Yeni sifariş verilmiş “Aframax” tipli 115 min ton nefti daşıyan tankerlərin artıq üçü istifadəyə verilib. Bunlar “Şuşa”, “Qarabağ” və “Zəngəzur” adını daşıyan gəmilərdir ki, bu da Xəzər Dəniz Gəmiçiliyinin donanmasında daha müasir gəmilərin sayını artırmış olur. Həmçinin quru yükdaşımalarında da Azərbaycan Qara dənizdə öz mövqeyini möhkəmləndirir. Digər önəmli mesajlardan biri odur ki, nəqliyyat dəhlizləri boyunca biznes subyektlərinin inkişafı yeni multi effekt yaradacaq. Bu baxımdan Ələt Azad İqtisadi zonasının yaranması və gələcəkdə verəcəyi töhfə çox böyük önəm daşıyır”.

Rauf Ağamirzəyev hazırda görülən işlər və bunların önəmi barədə də danışıb:

“Şimal Cənub Nəqliyyat dəhlizi üzrə, Sumqayıt, Yalama dəmir yolu 166 nöqtə, 5 km dəmir yolunun bir istiqaməti üzrə işlər bitib. 2-ci istiqamət üzrə tikintilər davam edir və gələn ilə tamamlanması nəzərdə tutulub. Şərq Qərb Dəhlizi üzrə isə yol örtüyünün salınması bitib. Çəkilən dəmir yolunun Ucar- Böyükəsik istiqamətində olan hissəsində də işlər bitib. Ucar- Bakı istiqamətində mövcud olan dəmir yolunda isə dəyişən cərəyanla bağlı işlər hələ ki, davam edir”.

Ekspert mövcud dəmiryol xətləri üzrə görülən təmir və genişləndirmə işlərini də diqqətə çatdırıb:

“Bakı- Tbilisi- Ceyhan, Bakı-Tbilisi- Qars dəmir yolu üzrə işlər görülür. Buraxıcılıq qabiliyyətinin artırılması ilə bağlı bunu da qeyd etmək istərdim ki, keçən il yol ötürücüsünün sürüşməsi ilə bağlı yol bloklanmışdı. Bu il isə Şərq Qərb Dəhlizi üzrə Gürcüstan ərazisində kəskin yağan yağışlar 2 iyul tarixində yenidən yolun bağlanmasına gətirib çıxardı. Düzdür, təsirləri bir sutka ərzində aradan qaldırdılar, amma bu, şaxələndirmə mövzusunu aktuallaşdırır. Həm Bakı Tbilisi- Qars istiqamətində, həm də Zəngəzur dəhlizi istiqamətində görülən işlərin il ərzində yekunlaşması nəzərdə tutulur. Əgər Zəngəzur Dəhlizi istiqamətinə baxsaq, artıq 54 km məsafədə müvafiq tikinti işləri aparılıb. Ümumi layihənin uzunluğu 110.4km -dir və həmin layihənin gələn ilin sonuna kimi tamamlanması hədəflənib. Həmçinin digər istiqamətlərdə, Naxçıvan ərazisində yol infrastrukturunun yenilənməsinə başlanıb, limanlarla bağlı alternativ imkanlar yaradılır”.

Aynur Qəniyeva