Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımanın həcmi 77 % artıb

242

Bu ilin yanvar-iyun aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə yükdaşımanın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 77,2 % artaraq 1,3 milyon ton olub.

“Report” bu barədə xarici mətbuata istinadən istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan və Qazaxıstanın dəmir yolu üzrə dövlət qurumlarının rəhbərləri Qazaxıstan yükgöndərənləri və ixracatçıları ilə görüşüblər. Onlar gələcək əməkdaşlığı, Orta Dəhlizlə yüklərin daşınması üçün əlverişli şəraitin yaradılmasını müzakirə ediblər. Tərəflər yüklərin çatdırılma müddətinin azaldılması, inzibati maneələrin aradan qaldırılması, liman infrastrukturunun genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, Azərbaycanın və Qazaxıstan yükgöndərənləri ilə dəmiryolçuları arasında yaradılmış birbaşa əlaqələr daşıma prosesi zamanı yaranan məsələlərin daha səmərəli həllinə imkan yaradacaq.

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC “Qazaxıstan Dəmir Yolu” SC ilə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə birgə müəssisə yaratmaq haqqında saziş imzalayıb. Müəssisənin yaradılmasında əsas məqsəd Orta Dəhlizlə yük daşımalarının həcmini əhəmiyyətli dərəcədə artırmaqdır.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.