Beynəlxalq Gəmiçilik Palatası gəmilərin təkrar emalı ilə bağlı yeni təlimatını dərc edib

224

Beynəlxalq Gəmiçilik Palatası (ICS) gəmilərin təkrar emalına dair yeni nəşrində gəmi sahibləri və digər maraqlı tərəflər üçün Gəmilərin təhlükəsiz və ekoloji cəhətdən səmərəli təkrar emalına dair Honkonq Beynəlxalq Konvensiyasının müddəalarına necə əməl etmək barədə təkmil təlimatlar təqdim edir.

Tövsiyələrin hazırlanmasına Banqladeş Honkonq Konvensiyasını ratifikasiya etmək niyyətini elan etdikdən sonra başlandı. Bu, istismardan çıxarılan gəmilərin doğranmasının işçilərin təhlükəsizliyinə və ya ətraf mühitə zərər vurmamasını təmin etmək üçün mühüm addımdır.

2009-cu ildə qəbul edilmiş konvensiya təkrar emala göndərilən gəmilərin göyərtəsindəki bütün təhlükəli materialların siyahısı ilə müşayiət olunmasını tələb edir. Müəssisələr hər bir gəminin spesifik xüsusiyyətlərinə və sadalanan təhlükəli materiallara əsaslanaraq gəmilərin necə təkrar emal ediləcəyini müəyyən edən planı təqdim etməlidirlər.

ICS-in yeni təlimatı Avropa Birliyinin Gəmilərin Təkrar Emalı Qaydası ilə Honkonq Konvensiyası arasındakı fərqlərə aydınlıq gətirir. Sənəd bütün müvafiq qaydaların, tədqiqatların, “Təhlükəli Materialların İnventarının” hazırlanması və saxlanmasının təfərrüatlarını ehtiva edir.

Beynəlxalq Gəmiçilik Palatası dəniz ticarəti ilə məşğul olan gəmi sahibləri icmasının maraqlarını müdafiə edir. O, dünya ticarət donanmasının 80%-dən çoxunu təmsil edən 36 ölkənin gəmi sahiblərinin milli assosiasiyalarından ibarətdir.

Seanews.az