İlham Əliyev tranzit yollar strategiyasına yeni məzmun qatdı – istehsal, biznes, investisiya…

237

Vüqar Bayramov: “Əsas odur ki, yüksək keyfiyyətli, rəqabət qabilliyyətli məhsul istehsal olunsun”

“Biz dəhliz boyunca bir çox istehsal sahələrini yaratmağı planlaşdırırıq və sadəcə tranzit ölkə olmaq istəmirik”. Bunu Prezident İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində deyib.

Ölkə başçısının sözlərinə görə, daşımalarda əməkdaşlıq bütün ölkələr üçün çox faydalı olacaq: “Və eyni zamanda o da vacibdir ki, bu işlər ölkələr arasında əlaqələri gücləndirəcək. Ölkələr bir-biri ilə daha sıx bağlı olacaq, inteqrasiya olacaq. Biz dəhliz boyunca bir çox istehsal sahələrini yaratmağı planlaşdırırıq və sadəcə, tranzit ölkə olmaq istəmirik. Geosiyasi baxımdan bu yaxşı haldır, yəni əlavə gəlir əldə etmək olar, biz Azərbaycanda böyük sənaye zonalarını yaratmaq istəyirik. Əslində, bu istiqamətdə irəliləyirik. Hesab edirəm ki, bu ay açılmış və artıq fəaliyyətə başlamış Ələt Azad İqtisadi Zonamızda istehsalatla məşğul olmaq, həmçinin Çin şirkətləri üçün cəlbedici ola bilər. Əslində, təsəvvür etdiyinizdən də geniş fürsətdir”.

“Tranzit yollar böyunca istehsal sahələrinin yaradılması sənayenin ixrac potensialının artmasına təkan verəcək”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Vüqar Bayramov dəhliz boyu istehsal sahələrinin yaradılmasının daha perspektivli olacağı qənaətindədir: “Təbii ki, Vətən müharibəsindən sonra formalaşan yeni düzən konteksində Azərbaycanın regional əhəmiyyəti daha da artır. Bir tərəfdən, təbii ki, Azərbaycan tranzit ölkə olaraq öz əhəmiyyətini artırır. Çünki Orta Dəhliz vasitəsilə daşınan yüklərin həcmində kəskin artımlar var. Təkcə 2022-ci ildə Azərbaycan üzərindən daşınan yüklərin həcmi 30 faizdən çox artıb. Sözügedən artım tendensiyasının daha da artacağı gözlənilir. Bu baxımdan birmənalı şəkildə Azərbaycanın beynəlxalq yükdaşımalarda tranzit və logistik potensialı ilə mövqeyinin daha da möhkəmlənməsi müşahidə olunur. Digər tərəfdən, bütün bunlarla yanaşı həm də Azərbaycan sənaye potensialına malik olan ölkədir. Xüsusən də Ələtdə Azad İqtisadi Zonanın yaradılması, sənaye imkanlarının geniş olması həm də ondan xəbər verir ki, Azərbaycan regional olaraq təkcə nəqliyyat və logistik potensiala malik deyil. Azərbaycan həm də sənaye potensialına malik olan ölkədir. Yəni sənaye məhsullarının istehsal və ixrac potensialına sahib olan ölkədir. Ona görə də Azərbaycan regionda sənayeləşmə, sənayenin inkişafına xüsusi töhfə verən ölkələrdən birinə çevrilməkdədir. Bu isə növbəti illərdə Azərbaycanın ixracatında qeyri-neft məhsullarının çəkisinin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq. Tranzit yollar böyunca istehsal sahələrinin yaradılması sənayenin ixrac potensialının artmasına təkan verəcək. Əsas odur ki, yüksək keyfiyyətli, rəqabət qabilliyyətli məhsul istehsal olunsun. Buna nail ola bilsək, qeyri-neft məhsulları ixracında dönüş yarada bilərik”.

Vidadi ORDAHALLI