Azərbaycan nəyin hesabına qaz hasilatını artırır?

373

Azərbaycanda gündəlik qaz hasilatı təxminən 100 milyon kubmetr səviyyəsinə çatıb

2023-cü ilin 8 ayı ərzində Azərbaycanda qaz hasilatı 1,6 milyard kubmetr artaraq 32,2 milyard kubmetr təşkil edib. Bu haqda Azərbaycan energetika naziri Pərviz Şahbazov özünün sosial şəbəkə hesabında paylaşım edib.

Məlumatdan aydın olur ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə ümumi qaz hasilat həcmləri, Energetika nazirliyinin statistikasına əsasən, 5,23 faizlik artım nümayiş etdirib.

Caspian Barrel cari ilin son üç ayının rəsmi statistikasını təhlil edərək belə bir nəticəyə gəlib ki, 8 ayın nəticələrinə görə (hələlik Dövlət Statistika Komitəsi yanvar-avqust aylarının göstəricilərini açıqlamayıb), çıxarılmış qazın 24 milyard kubmetrdən çoxunu əmtəəlik qaz həcmləri təşkil edib.

Hasilatın həcminin artmasına “Abşeron” yatağından qaz hasilatına başlanması (2023-cü il iyulun 10-da başlanıb) də təsir göstərib.

Bununla belə, “Şahdəniz” yatağı Azərbaycanın əsas qaz hasilat aktivi olaraq qalır. Bu yataqdan çıxarılan mavi yanacaq hazırda ölkənin ümumi əmtəəlik qaz hasilatının 73%-ni təşkil edir.

Xatırlatmaq istərdim ki, cəmi beş il əvvəl “Şahdəniz-2”- dən hasilat başlananda Azərbaycanda əmtəəlik qaz hasilatının gündəlik həcmi cəmi 53 milyon kubmetr idi.

İlham Şaban