Orta Dəhlizlə Azərbaycan üzərindən daşınan yüklərin artımı üçün hansı işlər görülməlidir?

251

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) araşdırmalarına görə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə konteyner daşımaları 2040-cı ilə qədər 130 min TEU-ya yüksələcək. Proqnozlara görə, 2025-ci ildə konteyner daşımaları 80 min TEU, 2030-cu ildə 110 min TEU, 2035-ci ildə isə 125 min TEU səviyyəsində gözlənilir. Bəs hazırda Orta Dəhliz boyunca görülən işlər 2030-cu ilə qədər bu göstəricilərə çatmağa imkan verəcəkmi?

“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının Baş katibi Qaydar Abdikerimov bildirib ki, ötən il Orta Dəhlizlə 33 min 600 TEU konteyner daşınıb: “Artan yüklər dəhlizin çatışmazlıqlarını göstərdi. Biz bu marşrutun daha da inkişaf etdirilməsi üzərində işlədik. Planlarımızdan biri dəhlizin sinxronlaşdırılmasıdır. Bunun üçün Orta Dəhlizə üzv olan ölkələr (Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan) 5 illik Yol Xəritəsi imzalayıb və layihəyə təqribən 6 milyard avro vəsait xərclənəcək”.Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev “Report”a açıqlamasında bildirib ki, Orta Dəhlizə gələcəkdə daha böyük yüklərin cəlbi üçün böyük layihələr icra edilməlidir, bunun üçün isə bir sıra işlər həyata keçirilməlidir.Ekspert deyib ki, son zamanlarda baş verən problemlərdən biri Xəzər dənizinin suyunun geri çəkilməsidir, bu isə limanlarda gəmilərin hərəkətinə problem yaradır.“Buna baxmayaraq gələcəkdə yükdaşımaların artmasını nəzərə alaraq, Xəzərdə gəmi və bərələrin sayının artırılmasına ehtiyac var. Azərbaycan bu baxımdan daha üstün mövqedədir. Belə ki, Xəzərdə daha çox gəmilər Azərbaycana məxsusdur. Ölkədə Gəmiqayırma Zavodunun imkanlarını nəzərə alaraq, Azərbaycan həm öz ehtiyaclarını ödəməklə yanaşı, həm də Xəzəryanı ölkələrə xidmət göstərə bilər”, – deyə o bildirib.

R.Ağamirzəyev qeyd edib ki, bundan əvvəl sifariş verilən gəmilər Volqa-Don kanalını nəzərə alınmaqla sifariş edilirdi: “Hazırda Xəzərdə inşa edilən və artıq fəaliyyət göstərən “Akademik Zərifə Əliyeva” və “Azərbaycan” Ro-Pax tipli gəmiləri məhz Xəzərdə daha çox yükü daşımaq iqtidarındadır və bu növ gəmilərin istehsalı davamlı olacaq”.O hesab edir ki, həm Azərbaycanda, həm də Qazaxıstanda liman infrastrukturu genişləndirilməlidir: “Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inkişaf modeli ikinci faza çərçivəsində müəyyənləşəcək. Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 min TEU konteyner təşkil edir. İkinci fazada isə Bakı Limanından 25 milyon tona qədər yük aşırıla biləcək. İlkin təxminlərə görə, Bakı Limanından ildə 500 min konteyner keçə biləcək”.Ekspert vurğulayıb ki, Azərbaycanda qonşulara doğru yönələn dəmir yollarının hamısı əlaqələnməlidir: “Hazırda Azərbaycanda fəaliyyət göstərən bütün limanlara dəmir yolu əlaqəsi var. Bu da Azərbaycan üzərindən bütün yüklərin şaxələndirilməsinə imkan verir. Yüklərin növlərinə uyğun çeşidin artması böyük bir investisiyadır. Yüklərin artması ilə investisiya planına uyğun olaraq genişləndirmə işləri görülə bilər. İlkin olaraq baza infrastrukturunun olması üstünlükdür, bu da yüklərin bizə tərəf cəlbi üçün bir fürsətdir”.O həmçinin qeyd edib ki, Azərbaycan xərclərini optimallaşdırmaq üçün dəmir yolu üzrə dəyişən cərəyana keçib: “Dəyişən cərəyanla işləyən 40 lokomotiv, dəyişən və sabit cərəyanla işləyən 10 lokomotiv alınıb. Bununla yanaşı, manevr etmək üçün yeni teplovozların alınması üçün sifarişlər verilib və bunların sayı artırılaçaq”.

Onun sözlərinə görə, Gürcüstanda 2009-cu ildən aktiv olaraq Şərq-Qərb marşrutu üzrə işlər görülür, bu işlərin gələn ilə tamamlanması nəzərdə tutulur” “Lakin nəzərə almalıyıq ki, Gürcüstan ərazisi dağlıqdır. Dağlıq relyefdə qurğuların tikintisi isə çətindir”.R.Ağamirzəyevin əlavə edib ki, Orta dəhlizin Gürcüstandan keçən hissəsində Rikotya aşırımı var, bu isə problemli sayılır: “Burada 96 körpü, 51 tunel tikilir. Marşrutun bu hissəsi 4 yerə bölünüb. Bu ilə 3 hissəsi bitməlidir, gələn ildə isə 4-cüsü yekunlaşacaq. Beləliklə, Qara Dəniz sahili ilə 4 zolaqlı avtoban təhvil veriləcək. Gürcüstan Balakən istiqamətində 4 zolaqlı avtobanın tikintisini icra edir. Dəmir yolu üzrə işlərin bəziləri yekunlaşıb, zəif tərəf isə dəmir yolunda hərəkət tərkibinin köhnə olmasıdır. Bu, orta vədəli işlərdir. Gələcəkdə isə Gürcüstanda Anakya limanının tikintisi nəzərdə tutulur və bu, Qara Dənizin Şərq sahilində dərinsulu limandır. Bu isə “Panamax” tipli gəmilərin yan almasına gətirib çıxaracaq”.Ekspert Orta Dəhlizin mühüm ölkələrindən olan Qazaxıstanın dəhliz boyunca gördüyü işlərlə bağlı deyib ki, ötən il bu marşrutla Qazaxıstanın daşıdığı yüklərin həcmi 2021-ci illə müqayisədə 2,5 dəfə artaraq 1,5 milyon tona çatıb: “Qeyd etmək lazımdır ki, Almata istiqamətində üçüncü sərhəd-keçid məntəqəsi qurulur. Amma Qazaxıstanın liman infrastrukturu böyük yüklərin ötürülməsi gücündə deyil, onun çeşidli məhsullar üzrə artırılmasına və genişlənməsinə ehtiyac var. Qazaxıstanın əsas marağı neftin, kömürün, uranın ötürülməsi ilə bağlıdır, lakin Çinin “Bir Kəmər, Bir yol” konsepsiyası dünyada konteyner yüklərin artırılmasını hədəfləyib. Bu konteksdə bunları nəzərə alaraq həm Aktau, həm də Kurık limanlarında genişlənmə işləri aparılmalıdır”.R.Ağamirzəyev hesab edir ki, Orta Dəhlizin digər ölkəsi Özbəkistan son illər çox aktivləşib: “Onlar da ixracyönümlü məhsullarını Azərbaycan üzərindən daşıması Orta Dəhlizin effektivliyini artıracaqdır. Mərkəzi Asiya ölkələri bu xəttin effektivliyini artırsa, bu zaman digər oyunçuların da marağına səbəb olacaq. Əsas yüklərin gəlməyi və bu yükə uyğun infrastrukturun nizamlanması lazımdır”.Ekspert hesab edir ki, Türkiyənin dəmir yolu infrastrukturu daha zəifdir: “Türkiyənin 13 min km dəmir yolu xətti var, bunun da 800 km iki xətlidir, çox cüzi hissəsi elektrikləşdirilib”.Bununla yanaşı, onun sözlərinə görə, Türkiyədə Şərq-Qərb dəhlizinə investisiya yatırmaq lazımdır: “Qarsda logistik terminal tikilib, lakin dəmir yolunun modernləşdirilməsinə ehtiyac var.”