Aktau dəniz limanı beynəlxalq status alıb

219

Qazaxıstan hökuməti Aktau Dəniz Ticarət Limanına beynəlxalq əhəmiyyətli dəniz limanı statusu verib. 

“Seanews.az” xəbər verir ki, 21 sentyabr 2023-cü il tarixli, 820 nömrəli müvafiq qərar respublikanın normativ hüquqi aktlarının informasiya-hüquq sistemində dərc olunub.

Aktau dəniz limanı Xəzər dənizinin şərq sahilində, Qazaxıstan, İran, Azərbaycan, Rusiya və Türkiyəni birləşdirən nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Liman quru yüklərin, xam neftin və neft məhsullarının aşırılmasını təmin edir.

İllik gücü 7,5 milyon ton olan limanın üç neft yanalma körpüsü, ümumi, qablaşdırılmış və iri ölçülü yüklərin aşırılması üçün üç universal quru yük körpüsü, taxıl aşırılması üçün körpü və bərə körpüsü var.

2025-ci ildə dəniz limanının ərazisində konteyner qovşağı istifadəyə veriləcək. Layihə ildə 300 min TEU konteyner aşırmağa imkan verəcək. Quru yük körpülərinin tutumunun artırılması üçün də bir sıra tədbirlər həyata keçiriləcək. 3 nömrəli körpünün uzadılması, 9, 10 nömrəli neft körpüsü və 12 nömrəli körpünün dibdərinləşdirmə işləri ilə yenidən qurulması nəzərdə tutulur.

Aktau limanının yük dövriyyəsi 2022-ci ildə 2021-ci illə müqayisədə 9% artaraq 3,8 milyon ton olub.