Gürcüstan hakimiyyəti Anakliya dərin dəniz limanının tikintisi üçün iki potensial investor seçib

249

Gürcüstan hakimiyyəti Anakliya dərin dəniz limanının tikintisi üçün iki namizəd seçib.

“Seanews.az” xəbər verir ki, idarələrarası hökumət komissiyası bir neçə təşkilatın təqdim etdiyi sənədləri ətraflı araşdırıb və iki şirkətin növbəti mərhələyə keçməsi barədə qərar qəbul edib. Müraciət edənlərə texniki, kommersiya və maliyyə təklifi təqdim etmək üçün bir neçə ay müddət veriləcək, bundan sonra komissiya qalibi seçəcək, onunla konsessiya müqaviləsi bağlanacaq.

Hökumətin qərarına əsasən, qalib dövlət müəssisəsi ilə birgə yaradılan və Anakliya limanını inkişaf etdirəcək şirkətə sərmayə qoyacaq. Bu tərəfdaşlığa əsasən, dövlət birgə müəssisənin 51%-nə, özəl şirkət isə 49%-nə sahib olacaq.

Layihənin icrasının minlərlə yeni iş yerinin yaradılmasına, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına, Gürcüstan ərazisindən keçən nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılmasına, yeni yük axınlarının cəlb edilməsinə, istehsal və logistika xidmətlərinin inkişafına kömək edəcəyi gözlənilir. Limanın birinci mərhələsinin gücü 600 min konteyner olacaq, dövlət limana bitişik azad sənaye zonasının yaradılması məsələsini də nəzərdən keçirir.

Yerli mətbuatın məlumatına görə, iddiaçılardan biri İsveçrə-Lüksemburq şirkəti, digəri isə Çin-Sinqapur konsorsiumudur. Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili müsabiqədə Rusiyadan olan şirkətlərin iştirak etmədiyini bildirib.

Xatırladaq ki, Anakliya limanının tikintisinə 2017-ci ildə başlansa da, sonradan işlər dayandırılıb. 2020-ci ilin yanvarında səlahiyyətlilər Anakliya İnkişaf Konsorsiumu ilə müqaviləni investor maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün ləğv edib.