Tayvanda batan gəminin azərbaycanlı ekipajı: “Bizi girov saxlayırlar”

2320

19 nəfərlik heyətdən 5 nəfər ölkəyə qayıtmaq istəsə də, icazə verilmir

2023-cü il iyulun 21-də Tayvanın Qaosyun limanı yaxınlığında batan “The Angel” konteyner gəmisinin azərbaycanlılardan ibarət on doqquz nəfərlik ekipajı ölkəyə qayıda bilmir.

Bu  barədə gəminin aşpazı Tural Qasımov Meydan TV-yə danışıb.

Onun sözlərinə görə, artıq üç aydır ki, Tayvanda saxlanılıblar, Azərbaycana qayıtmalarına icazə verilmir.

Tural Qasımov deyir ki, gəminin texniki istismarını həyata keçirən “Zulu Shiping” şirkəti ilə altı aylıq müqavilə imzalayıblar:

Bu şirkət Dubaya məxsusdur, Azərbaycanda da ofisi var. Şirkətin əməkdaşı Təvvəkkül Quliyev məni işə dəvət etmişdi, razılaşmışdım. Şirkətlə müqavilə imzalayandan sonra mayın 27-də Azərbaycandan çıxdıq. Şri-Lankaya gəldik, orada oteldə qaldıq. İyunun 1-də çıxdıq və Çinin Dalian limanına gəldik. Qayıdanda, gəmi qəzalı vəziyyətə düşdü. İyulun 20-də səhər saatlarında 19 doqquz nəfər azərbaycanlının olduğu gəmi Qaosyun limanı yaxınlığında batmağa başladı. Gəminin ekipaj üzvləri təxliyə edildi. Hazırda üç aydır ki, burada girov həyatı yaşayırıq, bizi girov kimi saxlayırlar”.

Şikayətçinin sözlərinə görə, hazırda dənizçilər Qaosyun şəhərindəki otellərdən birinə yerləşdiriliblər:

“Gəmi batandan sonra Tayvanda istintaq başlanıb. Dənizçilərə istintaq dövründə oteli tərk etmək qadağan edilib. Şirkət bizim bütün xərclərimizi qarşılayır. Hər ay da vaxtlı-vaxtında maaşlarımızı verir. Amma mən və dörd nəfər digər dənizçi Azərbaycana, ölkəmizə qayıtmaq istəyirik”.

Foto: Tural Qasımovun şəxsi arxivindən

Şirkət rəhbəri deyir ki, bu işdə çarəsizik. Bildirir ki, hara istəyirsiniz, özünüz müraciət edin. Çünki Tayvan hökuməti qərəzlidir, bizi buraxmaq niyyəti yoxdur. Səbəbi də budur ki, ölkələrinə dəymiş ekoloji ziyanı “Zulu Shiping” şirkəti təzminat şəklində qarşılamayana qədər burada girov saxlanılacağıq. Digər dənizçilər maaşlarını alırlar deyə Azərbaycana qayıtmaq istəmirlər. Lakin beş nəfər geri dönmək istəyir. Ailələrimizin yanına qayıtmaq istəyirik”.

“Zulu Shiping”dən Təvəkkül Quliyev Meydan TV-yə “The Angel” gəmisinin və ekipajının onların şirkətinə heç bir aidiyyəti olmadığını deyib.

Tural Qasımov isə Meydan TV-yə bildirib ki, onu işə Təvəkkül Quliyev dəvət edib.

Meydan TV Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyinə sorğu ünvanlayıb.

Lakin agentliyin mətbuat xidməti Pərvanə İmanova sorğunu cavabsız buraxıb.

Azərbaycan Dənizçilərinə Dəstək İctimai Birliyinin sədri İlham Nəsirov Meydan TV-yə bildirib ki, oktyabrın 11-də Tayvanda olan dənizçilərlə əlaqə saxlanılıb:

Dənizçilər miqrasiya xidmətinin onları oteldən çıxmağa qoymadıqlarını deyirlər. Əslində, ilkin ifadə alandan sonra ekipaj buraxılmalıdır. Bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, Dövlət Dəniz və Liman Agentliyinə rəsmi müraciət etmişik, müsbət cavab almışıq. Qısa zamanda həmin beş nəfərin ölkəyə qaytarılmasına nail olacağıq”.

Çinin Dalian limanından Tayvan sahillərinə doğru hərəkət edən 1262 konteynerli gəminin ümumi çəkisi 16 min tondan artıq olub.

564 fut (təxminən 172 metr) uzunluğunda batmış konteyner gəmisinə az kükürdlü 500 ton yüngül dizel yanacağı yüklənib.

Xarici mətbuatın yazdığına görə “The Angel” konteyner gəmisi 2023-cü ilin mayında Azərbaycanda fəaliyyət göstərən “Navramar Shipping” şirkəti tərəfindən satın alınıb və ona məxsusdur.

“Navramar Shipping” iki il əvvəl yaradılıb, o, Marşal adalarında qeydiyyatdan keçmiş, azərbaycanlı iş adamı Elşad Hacıyevə məxsus “Navramar International Trading and Shipping SA” şirkətinin törəmə şirkətidir.

“Navramar Shipping” Avropa, Afrika və Asiya limanları arasında beynəlxalq yükdaşımaları həyata keçirir.

Qısa link: https://storage.googleapis.com/qurium/www.meydan.tv/az-article-tayvanda-batan-geminin-azerbaycanli-ekipaji-bizi-girov-saxlayirlar.html