4 azərbaycanlı dənizçinin Ərəb Əmirliklərində girov saxlanıldığı bildirlir

2722

Ailələri XİN-ə müraciət edib, hələ ki nəticə yoxdur Azərbaycan vətəndaşı olan 4 dənizçinin Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) girov saxlanıldığı bildirilir.

Dənizçilərdən birinin nişanlısı İlahə Fətullayeva Meydan TV-yə bildirib ki, İlyas Eyvazov Elman oğlu, Mazay Qurbanov Sarı oğlu, Elçin Nəcəfov Elşad oğlu və Əbülfəz Həmidov Əyyub oğlu bu il avqustun 20-dən Abu-Dabidə saxlanılır.

Həmin şəxslər “ST Shipping Survey Technical Consultancy Co” şirkəti ilə müqavilə bağlayaraq, 2022-ci ilin dekabrından “Gelibolu” gəmisində işləməyə başlayıblar.

İlahə Fətullayevanın sözlərinə görə, dənizçilər 2023-cü il avqustun əvvəlində Birləşmiş Ərəb Əmirliklərindəki “Mina Saqr” limanında 1200 ton ammonium nitrat olan yükü təhvil verdikdən sonra avqustin 9-da lövbər salaraq, növbəti yükü gözləyiblər:

“Lakin avqustun 20-də onları limana geri qaytararaq, yükün az olması barədə məlumat veriblər. Yükü təhvil alan şirkət iddia edib ki, məhsul kəmdir. Dənizçiləri hansısa polis bölməsinə aparıblar. Sonuncu məlumata görə, onlar Abu-Dabidədirlər”.

Şikayətçinin sözlərinə görə, ailələri dənizçilərlə əlaqə saxlaya bilmirlər:

“Üstəlik, şirkət də bizə heç nə demir, zəng edirik, cavab vermirlər. Şirkətin rəhbəri Kaan Akıncı valideynlərin zənglərini iqnora qoyur. Şirkət deyir ki, məhkəməni gözləyin. Dənizçilər iki dəfə aclıq aksiyası ediblər. Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət etdik. XİN Abu-Dabidəki Səfirliyimizə yazdı. Səfirliyimiz də onların Baş Prokurorluğuna yazıb. Məktublara cavab vermirlər. İş o yerə çatdı ki, səfirliyimizin əməkdaşı onlara nota göndərdi. “Araşdırıb, sizə geri dönəcəyik”, – deməklə kifayətləndilər”.

Azərbaycan Dənizçilərinə Dəstək İctimai Birliyinin sədri İlham Nəsirov Meydan TV-yə bildirib ki, dənizçilərin valideynləri məsələ ilə əlaqədar Birliyə müraciət ediblər:

“Dörd dənizçi haqqında məlumatları toplayıb, Azərbaycanın Dövlət Dəniz və Liman Agentliyinə, XİN-ə, ölkəmizin BƏƏ-dəki Səfirliyinə, beynəlxalq təşkilatlara və “Gelibolu” gəmisinin sahibinə birbaşa müraciət etdik. Təəssüf ki, aidiyyəti şirkət həm dənizçilərin ailələrinə, həm də bizə aqressiv cavablar verir. Doğru məlumat vermir, nə baş verdiyini gizlədir. Kimin nədə ittiham olunması barədə dəqiq məlumat vermirlər. Biri yazır ki, narkotik vasitələrlə tutulub, digəri yazır ki, yük kəmdir. Dənizçilərin isə aqibətindən xəbərimiz yoxdur. Onların harada saxlanıldıqları bəlli deyil. Onu bilirik ki, 40 gündən çoxdur ki, həbsdədirlər”.

Meydan TV məsələ ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinə sorğu göndərib.

Sorğuya cavab verilməyib.

“ST Shipping Survey Technical Consultancy Co” şirkətinin Əməliyyatlar üzrə meneceri Kaan Akıncı da Meydan TV-nin zənglərini cavabsız buraxıb.

Kaan Akıncı “Linkedin”də yazıb ki, yük heç bir problem olmadan alıcıya çatdırılıb.