Azərbaycanda dəniz nəqliyyatında normativ-hüquqi aktlar təkmilləşdirilir

312

Azərbaycanda dəniz nəqliyyatı sahəsində normativ-hüquqi aktların təkmilləşdirilməsi, yeni anlayışların (“dəniz əməliyyatları bazası”, “dənizçi” və digər) müəyyən edilməsi, bəzi anlayışların dəqiqləşdirilməsi nəzərdə tutulur.

“Report” xəbər verir ki, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən,

– məcəllənin tətbiq olunduğu gəmilərin siyahısına gəzinti məqsədləri üçün istifadə edilən gəmilərin də daxil edilməsi;

– bir sıra gəmi sənədlərinin adlarının (“Sərnişin gəmisinin təhlükəsizlik üzrə Şəhadətnaməsi”, “Yük nişanı haqqında Şəhadətnamə”, “Minimum heyət tərkibi haqqında Şəhadətnamə”) dəqiqləşdirilməsi;

– əsas gəmi sənədlərinin siyahısının, gəminin müvafiq dövlət reyestrindən çıxarılmasının əsaslarının, gəmi heyətinin tərkibinə (maddə 42) və ixtisaslarına dair tələblərin dəqiqləşdirilməsi;

– Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin dəniz nəqliyyatı sahəsində göstərdiyi xidmətlərə görə haqların məbləğinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiqini nəzərdə tutan müddəanın daxil edilməsi; gəmi sahibinin vəzifələrinə əlavələrin edilməsi,

– gəmi sahibi və gəmi kapitanı dənizdə olarkən gəmidə qəza baş verdikdə qəza barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma (Dövlət Dəniz və Liman Agentliyinə) dərhal məlumat vermək vəzifəsinin müəyyən edilməsi;

– qanunvericilik praktikasının tələblərinə uyğun olaraq “müvafiq icra hakimiyyəti orqanı” ifadələrinin dəqiqləşdirilməsi nəzərdə tutulur.

Eləcə də qanun layihəsinə əsasən gəmi qeydiyyatının aparılmasına, gəmilərə sənədlərin verilməsinə, gəmiyə dair layihələrin razılaşdırılmasına, habelə gəmi heyətinə verilən sənədlərə dair müddəalar dəqiqləşdirilmiş və “dəniz mühiti” ifadəsi “dəniz ətraf mühiti” ifadəsi ilə əvəz edilib.