“Maersk” 10 min işçisini ixtisar edəcək

360

Dəniz yük daşımaları və liman terminalı xidmətləri üzrə ixtisaslaşan Danimarkanın “Maersk” şirkəti 10 min işçisini ixtisar etmək məcburiyyətində qalıb.

“Seanews.az” xəbər verir ki, bu barədə TASS şirkətin üçüncü rüb üzrə hesabatına istinadən məlumat yayıb.

Hazırda şirkətin bütün dünya üzrə 110 min işçisi var. İşçilərin ixtisarı sayəsində “Moller-Maersk” 2024-cü ildə 600 milyon dollara qənaət edəcək. Pandemiya zamanı və ondan sonra yüksək yükdaşıma tarifləri öz yerini daha normal bazar şərtlərinə verdiyi üçün pula qənaət etmək zərurəti yaranır. Son bir neçə ayda konteynerlərin çatdırılmasının qiyməti aşağı düşüb, yanacağın qiyməti artıb.

“Maersk Ocean” bölməsindəki gəlir iki dəfədən çox – 18 milyard dollardan 8 milyard dollara qədər azalıb.

Xatırladaq ki, “Maersk” hələ bu ilin mart ayında mənfəətin azalacağını proqnozlaşdırmışdı. “Maersk”-in baş direktoru Vinsent Klerk daha sonra bildirib ki, 2023-cü ildə şirkətin mənfəəti 2-5 milyard dollara qədər azala bilər. Ötən il bu rəqəm Avropa və ABŞ-a ixracın sürətli artımı sayəsində 31 milyard dollar təşkil edib.