Sentyabrda gəmiçilik xətlərinin cədvələ uyğunluq indeksi artıb

237

Bu ilin sentyabrında gəmiçilik xətlərinin cədvələ uyğunluq indeksi əvvəlki ayla müqayisədə 1,2 faiz artıb və 64,4% olub. Ötən ilin göstəricisi ilə müqayisədə isə artım 19 faiz təşkil edib.

“Seanews.az” xəbər verir ki, əvvəlki ayla müqayisədə orta gecikmə müddəti 0,09 gün azalaraq 4,58 günə düşüb. Ötən ilin eyni ayı ilə müqayisədə 1,3 gün azalma qeydə alınıb.

“Sea-Intelligence”-ə görə, cari ilin sentyabr ayında cədvələ uyğunluq baxımından ən etibarlı şirkətlər “Maersk” və “Hamburg Süd” olub, onların hər birinin cədvələ uyğunluq indeksi 71,3% təşkil edib. Onları 69,8% uyğunluq dərəcəsi ilə “MSC” gəmiçilik şirkəti yaxından izləyir. 6 xətt üzrə qrafikə uyğunluq 60-70% təşkil edib. Daha 4 xətt üzrə qrafikə uyğunluq indeksi 50-60% intervalında olub. “HMM” gəmiçilik şirkəti 45,9% ilə cədvələ ən aşağı riayət etmə göstəricisinə sahibdir.

Ümumilikdə, 14 ən böyük xəttdən 10-da sentyabr ayında cədvələ uyğunluq yaxşılaşıb. Eyni zamanda, “PIL”-də 7,3 faiz artım qeydə alınıb.

Keçən illə müqayisədə 14 xətdən 13-də ikirəqəmli yaxşılaşmalar olub, ən böyük yaxşılaşma “Hamburq Süd”-də müşahidə edilib: 26,8 faiz.