Antarktida buzlaqlarının əriməsi prosesini dayandırmaq artıq qeyri-mümkündür

209

Britaniya alimləri bu qənaətə gəliblər ki, Antarktida buzlaqlarının əriməsinin qarşısını almaq artıq mümkün deyil.

AZƏRTAC aparılan araşdırmaya əsasən xəbər verir ki, Antarktidadakı nəhəng buzlaqların ərimə sürəti yaxın onillikdə xeyli artacaq, onların hamısı suya çevrilərək dünya okeanının səviyyəsini 5 metr qaldıracaq. Ən önəmlisi isə budur ki, bu ümumdünya kataklizmi artıq labüddür. O, bəşəriyyətin istixana qazlarının azaldılması və sənayeyəqədərki dövrlə müqayisədə qlobal istiləşməni Paris iqlim sazişində nəzərdə tutulan 1,5 dərəcə səviyyəsində dayandırmağı bacarıb-bacarmayacağından asılı deyil. Tədqiqatçıların fikrincə, Antarktidadakı buz qatını qoruyub saxlamaqdan ötrü iqlim dəyişmələri ilə mübarizəni bir neçə onilliklər əvvəl aparmaq lazım idi. Hazırda bu proses üzərində nəzarət artıq itirilib. Britaniya alimləri iqlimin müxtəlif ssenarisini quraraq bu fikrə gəliblər.

Qeyd edək ki, Antarktida buzlaqların əriməsi sürəti üzrə heç də lider deyil. Buzlaqlar Qrenlandiyada daha sürətlə əriyir. İqlimşünasların dəyərləndirmələrinə görə, əgər onlar tamamilə yox olarsa, dünya okeanı suyunun səviyyəsi 7 metr, yəni Antarktida buzlaqlarının əriyəcəyi halla müqayisədə daha çox qalxacaq.