ASCO sədri Türkiyədə “Natəvan” və “Rəsul Rza” gəmilərində aparılan təmir işlərinin gedişatı ilə maraqlanıb

350

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev Türkiyəyə işgüzar səfəri çərçivəsində Altınova/Yalova bölgəsində yerləşən “Gürdesan” tərsanəsində təmir edilən “Natəvan” və “Rəsul Rza” universal quru yük gəmilərində olub.

Gəmilərin heyət üzvləri ilə görüşən Rauf Vəliyev onların iş şəraiti, gündəlik qayğıları ilə maraqlanıb, fikir və təkliflərini dinləyib.Daha sonra sədr gəmilərdə aparılan təmir prosesinin gedişatı ilə tanış olub.Sədrə bildirilib ki, “Natəvan” quru yük gəmisinin əsaslı təmiri çərçivəsində baş və köməkçi mühərriklər, digər bütün maşın və mexanizmlər təmir olunub. Həmçinin gəmidə yeni tələblərə uyğun ballast sularını təmizləyən qurğu quraşdırılaraq müvafiq konvensiyanın tələblərinə uyğunlaşdırılıb. Gəminin sualtı və suüstü hissələri təmizlənib, bəzi sualtı hissələrdə zədələnmiş sahələr tamamilə dəyişdirilib. Bundan başqa, MARPOL Konvensiyasının 4-cü ələvəsinin yeni tələbinə uyğun olaraq gəminin yanacaq xəttində zəruri dəyişikliklər olunub.Rauf Vəliyev “Rəsul Rza” quru yük gəmisində aparılan tərsanə təmirinin gedişi ilə də maraqlanıb. Burada məlumat verilib ki, təmir çərçivəsində gəmidə xeyli iş görülüb. Belə ki, sualtı və suüstü hissələr təmizlənərək rənglənib. Tərsanə təmirində olsa da, baş və köməkçi mühərriklərdə əsaslı təmir həcmində işlər görülüb, ballast sularını təmizləyən qurğu işlək vəziyyətə gətirilib.Ümumilikdə xarici limanlara sərbəst və maneəsiz giriş-çıxışı təmin etmək məqsədilə gəmilərin təmiri zamanı nəzərdə tutulmamış digər bütün mexanizmlərə də baxılıb. Belə ki, həm “Natəvan”, həm də “Rəsul Rza” gəmilərində qeyd edilənlərdən əlavə yük kranları, yaşayış sahələri, xilasedici vasitələr, yanğınsöndürmə vasitələri və sistemləri, ballast və quruducu sistemlər, sıxılmış hava sistemləri və mexanizmləri də təmir edilərək saz vəziyyətə gətirilib.

asco.az