Gəmiçiliyin əməkdaşları üçün korrupsiyaya qarşı mübarizə mövzusunda seminar təşkil olunub

156

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları üçün korrupsiyaya qarşı mübarizə mövzusunda “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev tərəfindən seminar keçirilib.

Seminar “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən işlərin davamlılığının təmin edilməsi məqsədilə təşkil olunub.

Hüquq departamentinin rəisi Cabir Niyazov bildirib ki, ASCO yarandığı dövrdən fəaliyyətini Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə üzrə qəbul edilmiş qərarlara uyğun təşkil edib.  O xüsusilə qeyd edib ki, 2021-ci ildən ASCO-da ISO 37001 – “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartının tətbiqinə başlanılıb. 2022-ci ildə ASCO Böyük Britaniyanın LRQA (Lloyd’s Register) beynəlxalq təsnifat cəmiyyətinin audit xidməti tərəfindən həyata keçirilən yoxlamalarının nəticəsinə əsasən ISO 37001 – “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartı üzrə sertifikata layiq görülüb.

Daha sonra “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyətə dair təqdimatla çıxış edib.

O, korrupsiya anlayışı, bu sahədə mübarizənin gücləndirilməsinə dair qanunvericilik, korrupsiyaya şərait yaradan hallar və qarşısının alınması, korrupsiya cinayətləri və onların nəticələri barədə ətraflı məlumat verib, korrupsiya hüquqpozmalarının subyektləri, hüquqpozmalar barədə müraciətlərə baxılması, bu barədə məlumat verən şəxslər, maraqların toqquşmasının qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yaxın qohumların birgə işləməsinə yol verilməməsi və s kimi məsələlərə dair qanunvericiliyin tələblərini diqqətə çatdırıb.

Əliməmməd Nuriyev korrupsiyaya şərait yaradan halların qarşısının alınması və mübarizə tədbirlərinin əhəmiyyətindən də bəhs edib.

Seminarın sonunda mövzuya dair nümunələr əsasında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

asco.az