Orta Dəhliz Türk dünyasının ortaq yoludur

140

Bu marşrut Avrasiya ölkələrini də bir-birinə qovuşdurur

Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibəsində ölkənin iqtisadi inkişafı ilə bağlı hər hansı bir risk görmədiyini, bu günədək, daha mürəkkəb geosiyasi vəziyyətdə belə iqtisadi inkişafda müsbət meyillər müşahidə edildiyini, hətta ərazilərimizin işğal olunduğu illərdə respublika iqtisadiyyatının böyüdüyünü bildirib. 

Dövlətimizin başçısı daha sonra ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edildiyini, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tikinti-quruculuq tədbirlərinin sürətlə həyata keçirildiyini vurğulayıb.  

Ölkə rəhbəri hazırda dövlət büdcəsində daha çox vəsait toplanılmasının prioritet istiqamətlərdən biri olduğunu və məqsədə çatmaq üçün genişmiqyaslı iqtisadi islahatlar aparıldığını, gömrük və vergi inzibatçılığı sahəsində olduqca uğurlu təşəbbüslər gerçəkləşdirildiyini, dövlət şirkətlərində korporativ idarəçilik sisteminin qurulduğunu diqqətə çatdırıb.   

Dövlət başçısının sözlərinə görə, Azərbaycan bağlantı layihələrindən böyük həcmdə mənfəət əldə olunacağına ümid edir. Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizlərindən Azərbaycan ərazisindən keçən, müxtəlif istiqamətlərə daşınan 10 milyonlarla ton əlavə yükün respublika büdcəsinə böyük həcmdə gəlir gətirəcəyi proqnozlaşdırılır. Bu, həm də məşğulluq, əlavə vəsait və Azərbaycanın geosiyasi əhəmiyyəti deməkdir.

Yeri gəlmişkən, bu məqamda Orta Dəhlizin də (Trans–Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) respublikamız üçün mühüm önəm daşıdığını qeyd etmək istərdik. Xatırladaq ki, Rusiya–Ukrayna müharibəsi və Qərbin Moskvaya qarşı sanksiyaları Rusiyanın tranzit ölkə kimi, xüsusən də Avropa İttifaqı ilə Çin arasında quru əsaslı ticarət əlaqələrində səmərəliliyini məhdudlaşdırıb. Bu kontekstdə Orta Dəhliz  dəmir yolu ticarəti üçün potensial alternativ marşrut kimi Çin, Aİ və daha geniş regionda şirkətlər və hökumətlərin diqqətini çəkməyi bacarıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, Orta Dəhlizi bir dəyər zənciri də adlandırmaq olar. Amma daha geniş anlamda, bu dəhlizin üstünlükləri və əhatə coğrafiyası Türk Dövlətləri Təşkilatının (TDT) əsas əlaqələndiricisi kimi çıxış etməyə zəmin yaradır. Dəhlizin trayektoriyası da onun 1 trilyon ABŞ dollarından çox ümumi daxil məhsula (ÜDM) malik Türk dövlətlərini birləşdirən bir layihə olduğunu deməyə tam əsas verir. 

Beləliklə, Çin–Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Asiyanı Avropa ilə birləşdirən marşrutdur. Regionda yaranmış münbit geosiyasi şəraitdə, Avropa və Asiya arasında ən qısa və rahat marşrut olan bu dəhlizə maraq getdikcə artır. Şimal dəhlizinə əsas alternativ olan Orta Dəhlizlə Çindən Avropaya 7 min kilometr məsafə qət etməklə daşınmalar mümkündür. Avropa ölkələri ilə Çin arasında illik ticarət dövriyyəsi 600 milyard dolların üzərindədir. 

2020-ci ildən etibarən Orta Dəhliz ilə ayda iki dəfə olmaqla Türkiyədən Çinə müntəzəm olaraq konteynerlərin daşınması reallaşdırılıb. Təkcə 2021-ci ildə Çin–Avropa arasında, hər iki istiqamət üzrə ümumilikdə, dəmir yolu ilə 84,9 milyard dollarlıq yük daşınması həyata keçirilib. 2020–2021-ci illərdə bu dəhlizdə nəql edilmiş yükün ümumi həcmi 350-530 min ton arası olsa da, təkcə 2022-ci ildə bu rəqəm 3,2 milyon tona qədər artıb. Orta Dəhliz Çindən gələn yüklərin Qazaxıstandan keçərək Xəzər dənizinə, Azərbaycana və oradan da Gürcüstan və Türkiyə üzərindən Avropadakı son təyinat ölkələrinə çatmasına imkan yaradır. Bu baxımdan dəhlizin və bu infrastrukturun bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolu böyük əhəmiyyətə malikdir.  

Azərbaycan Orta Dəhlizin potensial imkanlarını yüksək dəyərləndirərək  infrastrukturun inkişafına mühüm töhfələr verməyi planlaşdırıb. Bu, “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nda öz ifadəsini tapıb. Artıq Dövlət Gömrük Komitəsi sözügedən dəhliz boyunca tranzit daşınmaların rəqəmsallaşdırılması və  ümumi tranzit portalının yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsinə başlayıb. Bütün bunlar isə yaxın gələcəkdə dəhlizin potensialından daha səmərəli istifadəyə, daşınma həcminin artmasına, tranzit daşınmalarından daha çox gəlirin əldə olunmasına zəmin yaradıb. 

Azərbaycanda beynəlxalq dəhlizlərin iş səmərəliliyini artırmaq məqsədilə indiyədək  genişmiqyaslı layihələr reallaşdırılıb. Məsələn, infrastruktur təminatını yüksəltmək üçün son 20 ildə 19 min kilometr avtomobil, 1400 kilometr dəmir yolu tikilib və yaxud əsaslı təmir edilib. Bundan başqa 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük, 18 təyyarə ilə regionda ən böyük mülki hava yük donanması yaradılıb, 8 beynəlxalq hava limanı istifadəyə verilib. Azərbaycanın regionda ən böyük gəmiqayırma zavoduna malik olması və Bakı gəmiqayırma zavodunun bütün növ gəmiləri istehsal edə bilməsi ilə respublikamızın transit imkanları genişlənib. Ələtdə yaradılan terminalda isə böyük həcmdə yüklərin daşınması, qəbulu və yola salınması üçün davamlı işlər aparılıb və gələcəkdə bu infrastrukturun daha da güclənməsi məqsədilə yeni layihələrin reallaşdırılması nəzərdə tutulub. 

Orta Dəhlizin davamlı inkişafı nəticəsində cari ilin yanvar-avqust aylarında bu marşrutla Çindən Avropaya daşınan yüklərin həcmi ötən ilin eyni dövrünə nisbətən 84  faiz çox olub. Bu göstəricinin əldə olunmasında  Azərbaycan və Gürcüstanın müvafiq nazirlikləri ilə əlaqələndirilmiş iş mühüm rol oynayıb. Ötən il maneələrin aradan qaldırılmasına yönəlmiş müvafiq Yol Xəritəsi imzalanıb. Ümumiyyətlə, Orta Dəhlizin inkişafı və Qazaxıstanda multimodal nəqliyyatın genişləndirilməsi üçün bir sıra infrastruktur layihələri həyata keçirilib. Qazaxıstanın Dostıq-Moyintı dəmir yolu mənzilində 2-ci yolun tikintisinə başlanılıb ki, bu da yükdaşıma qabiliyyətini və daşıma sürətini 5 dəfə artıracaq. Darbaza-Maktaral dairəvi dəmir yolu xəttinin tikintisinə də başlanılır. Baxtı-Ayagöz istiqamətində də yeni layihə var. Yəni Çindən yüklərin qəbulu üçün 3-cü məntəqənin açılması çox vacibdir. Bu baxımdan ən aktual obyekt Baxtı-Taçen istiqamətində tikilən, 20 milyon ton yük dövriyyəsi olacaq yeni dəmir yolu stansiyasıdır.

Bütün bunlara baxmayaraq, Dünya Bankı ekspertlərinin hazırladıqları hesabatda Orta Dəhlizlə daşımaları daha da artırmaq üçün bu infrastrukturdan istifadə etməyə maraqlı olan ölkələrin üzərinə bir sıra vəzifələr düşdüyü bildirilir. Həmin hesabatda dəhlizin inkişafını zəruri edən koordinasiya və vahid idarəçiliyin yaradılması, müxtəlif ölkələrin dəmir yolu nəqliyyatı operatorlarının qarşılıqlı əlaqədə olduğu sərhəd-keçid məntəqələrində gecikmələrin aradan qaldırılması, tərəflərin istifadə etdiyi müasir informasiya texnologiyaları həllərinin vahidliyinin və inteqrasiyasının qurulması kimi məsələlərin həllinin zəruriliyi vurğulanır. 

Vaqif BAYRAMOV 
XQ