Gənclərimiz Prezident İlham Əliyevin diqqət və qayğısı ilə daha böyük hədəflərə nail olacaq

513

Dünya təsərrüfat sistemində dəniz nəqliyyatının xüsusi rolu var. İqtisadi əlaqələr sistemində dəniz nəqliyyatı mühüm önəm kəsb edir. Bu mənada beynəlxalq iqtisadi əlaqələri dəniz nəqliyyatının iştirakı olmadan təsəvvür etmək mümkün deyil. Azərbaycan dəniz gəmiçiliyi və dəniz ticarəti qədim tarixə malikdir. Tarixi mənbələr və antik müəlliflərin verdiyi məlumatlar bunu təsdiq edir. Bəzi mənbələrdə Xəzər dəniz nəqliyyatının tarixi eramızdan əvvəl IV- VI minilliklərə təsadüf edir.

Sözsüz ki, Azərbaycanda dənizçilik sahəsinin şanlı tarixi mövcuddur. Bu tarixin yazılmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olduqca böyükdür. Ölkəmizdə dənizçiliyin inkişafına birbaşa və həlledici təsirləri olan “Əsrin müqaviləsi” neft sazişi, Böyük İpək Yolunun bərpası və Beynəlxalq Dəniz Təşkilatına üzvlüyümüz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Bu bir reallıqdır ki, Azərbaycanda dənizçilik sahəsi yeni inkişaf mərhələsindədir. Bu baxımdan Xəzər Dəniz Donanmasına 20-dən çox yeni gəminin alınması, müasir gəmilər inşa edən Bakı Gəmiqayırma Zavodunun inşası, Xəzər dənizində ən böyük liman olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının salınması bunun brazi nümunəsi hesab edilir.

Dəniz nəqliyyatı sektorunun rəqabətədavamlı şəkildə inkişafı məqsədilə 2021-ci ilin oktyabr ayında Prezident İlham Əliyevin Fərmanı ilə Dövlət Dəniz və Liman Agentliyi yaradılması mühüm əhəmiyət kəsb edir. Eyni zamanda Prezident İlham Əliyevin “Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs yaradılması tarixi addım hesab olunur.

Məhz ölkə Prezidentinin diqqət və qayğısı ilə dəniz nəqliyyatı sahəsində idarəetmə, tənzimləmə, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, bu sahədə dövlət tənzimlənməsi istiqamətində həyata keçirilən işin optimallaşdırılması və rəqabətədavamlı dəniz nəqliyyatı sahəsinin formalaşdırılması məqsədilə bir sıra işlər görülüb. Sıravi heyət ixtisasları (növbə matrosu, növbə motorçusu, gəmi elektriki, gəmi aşpazı, gəmi kranoperatoru) üzrə hazırlığı bitirmiş şəxslərə sertifikatın (diplomun) verilməsi prosesi sadələşdirilir.

 TRASEKA nəqliyyat dəhlizi üzrə təhlükəsiz, etibarlı və effektiv nəqliyyat əməliyyatlarının təmin olunması, dəhlizin rəqəmsallaşdırılması istiqamətində atılan addımlar da xüsusi diqqətə layiqidir. Çünki TRASEKA nəqliyyat dəhlizi üzrə konteyner daşımalarının inkişafı, TRASEKA və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TMTM) rəqabət qabiliyyətinin artırılmasını nəzərdə tutur.

Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi, hazırkı regional geosiyasi vəziyyət kontekstində Orta Dəhlizin əhəmiyyətinin artması gündəmdədir. Həmçinin Azərbaycanın milli dəniz nəqliyyatı strategiyasının, eləcə də “Yaşıl Səfər 2050” layihəsi çərçivəsində ölkəmizin milli fəaliyyət planının hazırlanması, dövlət liman və bayraq nəzarəti müfəttişləri, gəmilərin hərəkətini idarəetmə sisteminin operatorları və bələdçilərin təlimi ilə bağlı Beynəlxalq Dəniz Təşkilatının agentliyə dəstək göstərməsi nəzərdə tutulur.

Azərbaycan bayrağı altında üzən gəmilərlə bağlı Paris Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq imkanları, limanların tənzimlənməsi, dənizçilərin hazırlığı, dəniz nəqliyyatı istiqamətində “Vahid Pəncərə” sisteminin tətbiqi mümkün olacaq. Dövlət Dəniz və Liman Agentliyi ilə Türkiyənin Dənizçilik Baş İdarəsi arasında əməkdaşlığın gücləndirilməsi, liman və bayraq nəzarəti müfəttişləri və gəmi hərəkətinin idarə edilməsi sisteminin operatorları üçün təlimlərin keçirilməsinə dair razılığ əldə edilib.

Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq dəniz nəqliyyatının inkişafı üçün həyata keçirilən məqsədyönlü işlər öz bəhərisini verməkdədir. Biz gənclər və bu sahədə çalışan hər kəs daima cənab Prezidentin diqqət və qayğısını hiss edirik. Bu bizə daha böyük stimul verir. Gənclərimiz məhz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi gəmiçilik sahəsində də daha böyük uğurların əldə ediləcəyinə əmindir.

İlham Nəsirov

Azərbaycan Dənizçilərinə Dəstək İctimai Birliyinin sədri

https://siyasetinfo.az/