Panama kanalında məhdudlaşdırıcı tədbirlər gələn il də taxıl daşınmasını ləngidəcək

181

Amerika taxıl ixracatçıları Panama kanalından yan keçərək taxıl tədarükü marşrutlarını Asiyaya yönləndirməyə məcburdurlar.

Panama kanalından keçidə qoyulan məhdudiyyətlər 2024-cü ilin aprel-may aylarına qədər – bölgənin yağışlı mövsümü su anbarlarını doldurmağa və nəqliyyatın hərəkətini normallaşdırmağa kömək edənə qədər taxıl tədarükünə təsir göstərə bilər.

Bu barədə “Reuters” bazar analitiklərinə istinadən məlumat yayıb.

Onların fikrincə, ABŞ-ın Körfəz sahilinin ixrac mərkəzindən Asiyaya yük daşıyan gəmilərin operatorları quraqlıqdan əziyyət çəkən Panama kanalında ləngimələrdən və artan tranzit haqlarından yan qaçmaq üçün daha uzun marşrutlar götürməyə və əhəmiyyətli yük xərclərinə məruz qalmağa məcbur olurlar.

Əsas daşınma arteriyalarından birində fasilə ABŞ məhsul ixracının pik mövsümünə təsadüf edir və daha yüksək daşınma xərcləri son illərdə Braziliyaya bazar payını itirmiş ABŞ-dan qarğıdalı və soya tədarükçülərinə tələbi azaltmaqla hədələyir.

Xəbər agentliyi bildirir ki, taxıl məhsulu daşıyan gəmilər kanaldan keçmək üçün üç həftəyə qədər növbələrini gözləməli olurlar, çünki konteyner gəmiləri və digər növ gəmilər daha müntəzəm cədvəl üzrə tranzit edir və yerləri əvvəlcədən sifariş edir.

ABŞ Kənd Təsərrüfatı Departamentinin məlumatına görə, oktyabrın ikinci yarısında Meksika körfəzindən Şərqi Asiyaya gedən yalnız beş ABŞ taxıl gəmisi Panama kanalından keçib, 33 taxıl daşıyıcısı isə Süveyş kanalı vasitəsilə şərqə doğru getməli olub. Məsələn, 2022-ci ilin eyni dövründə Panama kanalından 34 gəmi, Süveyş kanalından isə cəmi yeddi gəmi istifadə edib. Bəzi ABŞ ixracatçıları da ABŞ-ın Sakit okeanın Şimal-Qərb limanlarına taxıl yükləyərək Asiyaya daşımaların istiqamətini dəyişdirirlər. Lakin bu cür logistika yükgöndərənlər üçün daha baha başa gəlir, çünki taxıl bu məntəqələrə yüklərin barj ilə çatdırılmasının daha ucuz üsulu ilə deyil, ilk növbədə dəmir yolu ilə çatdırılır. Oktyabr ayında ABŞ-ın bütün qarğıdalı ixracatının yalnız 56,8%-i Körfəz sahili limanlarından göndərilib. 2021-ci ilin oktyabrında və 2022-ci ilin oktyabrında bu rəqəmlər müvafiq olaraq 72,1% və 64,9% olub.