“BP-Azerbaijan”: “Küləkli hava şəraitinə baxmayaraq əməliyyatlarımızı davam etdiririk”

365

“BP-Azerbaijan” şirkəti Bakı və Abşeronda güclü küləkli hava şəraitinə baxmayaraq, dənizdə neft və qaz layihələri çərçivəsində həyata keçirilən əməliyyatlarını normal rejimdə davam etdirir.

Bunu “Report”a açıqlamasında “BP-Azerbaijan” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı bu gün ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti ilə əlaqədar görülən işlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, BP və tərəfdaşlarının hər bir hava şəraiti üçün işlənmiş xüsusi texniki təhlükəsizlik qaydaları mövcuddur: “Belə hava şəraitlərində həmin qaydalar mütləq şəkildə işə salınır və bütün dəniz obyektlərimizdə onlara ciddi riayət olunur. Məsələn, küləkli havada hündürlüyə yük qaldırmaq olmaz. Kranların işləməsi mümkün deyil. Açıq havada platformada işçilər müəyyən sahələrdə olmamalıdır. Digər açıq sahələrdə də tətbiq edilən qaydalar var”.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti davam edir. Şimal-qərb küləyinin sürəti Bakıda və Abşeron yarımadasında arabir 33 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metr təşkil edib.