ADDA-da intellektual yarış keçirilib

348

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) nəzdindəki Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) Publik Hüquqi Şəxsin tələbələri arasında “Kim? Nə? Harada?” intellektual yarışı keçirilib.

“Heydər Əliyev ili” çərçivəsində təşkil edilən yarışdan əvvəl  ADDA-nın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev xalqını zamanın mürəkkəb sınaqlarından uğurla çıxarmış və onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. O əlavə edib ki, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyev zəkasının təzahürüdür.

Vüqar Sadıqov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyinin tam bərpa edilməsi nəticəsində yola saldığımız 2023-cü ilin ölkəmizin tarixinə qızıl hərflərlə yazıldığını vurğulayıb.

Prorektor 2024-cü ildə Azərbaycanda keçiriləcək Prezident seçkilərindən də danışıb, Akademiyanın professor-müəllim heyətini və tələbələrini seçkilərdə fəal iştirak etməyə çağırıb.

Sonda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ADDA rəhbərliyinin təbriklərini çatdıran prorektor yarış iştirakçılarına uğurlar arzulayıb.

Qeyd edək ki, “Kim? Nə? Harada?” intellektual yarışında hər birində beş iştirakçı olmaqla, altı komanda intellekt mübarizəsinə qoşulub.  “Xarıbülbül”, “Naviqator”, “Dəniz”, “Mexanik”, “Qarabağ” və “Energetik” adlı komandalar arasında “Xarıbülbül”  fərqlənməyi bacarıb.

“Mexanik” və “Energetik”  komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.

Qaliblərə diplom və hədiyyələr təqdim olunub.

Yarış “Dənizçilər” ansamblının iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil olunan bayram tədbiri ilə başa çatıb.

seanews.az