Fransa sahilində gəmidə yanğın olub, türkiyəlilər təxliyə edilib

230

Dekabrın 28-də Fransanın Bretan regionunun Penmark kommunasının sahilində “Guana” adlı Panama bayraqlı gəmidəki qurğular alovlanıb. Yanğın səbəbindən 150 metr uzunluğa malik gəminin mühərriki sıradan çıxıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, gəmidə olan türkiyəli 20 dənizçinin bir qismi hava, digər qismi dəniz yolu ilə təxliyə edilib.

Bildirilib ki, helikopter vasitəsilə təxliyə edilmiş 14 türkiyəli ötən gün yerli vaxtla saat 23:00-da Lanveok-Pulmik dəniz aerobazasına çatdırılıb. Digər Türkiyə vətəndaşları isə Fransanın Brest şəhəri yönündəki “Esperanza del Mar” adlı İspaniya gəmisinə mindirilib.

“Abeille Bourbon” adlı yedək gəmisi “Guana” gəmisinə yanaşıb. Yedək gəmisinin bu gün gəmini Brestə aparması planlaşdırılır.

Diplomatik mənbələrin verdiyi məlumata görə, Türkiyənin Nant şəhərindəki baş konsulluğu 20 türkiyəlinin durumu ilə bağlı fransalı səlahiyyətli şəxslərlə təmasdadır.