Şimaldan Cənuba uzanan TƏHLÜKƏSİZ YOL: Azərbaycanın əldə etdiyi siyasi və iqtisadi dividendlər – ŞƏRH

245

Rusiya Federasiyası Dağıstan Muxtar Respublikasının Azərbaycanla sərhədindəki “Yaraq-Kazmalyar” avtomobil keçid məntəqəsi yenidən qurulub və onun ötürücülük qabiliyyəti iki dəfədən çox artırılıb. Burada hərəkət zolaqlarının sayı 14-dən 22-yə yüksəlib. Nəticədə yüklərin gömrükdən daha sürətli keçidi təmin olunub. Ötən gün hərəkətə simvolik başlanğıcı Rusiyanın nəqliyyat naziri Vitali Savelyev edib və keçid məntəqəsinin açılışı olub. Bu gün isə Azərbaycan və İran sərhədində yeni buraxılış məntəqəsinin açılışı gözlənilir.

Həri iki sərhəd keçid məntəqəsinin yenidən qurulmasının və istifadəyə verilməsinin əhəmiyyətini Medianews.az-a şərh edən nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib ki, bu, Şimal-Cənub nəqliyyat dəhlizi boyunca yüklərin daşınmasının, o cümlədən tranzitinin, ixracının, idxalının təmin edilməsinə birbaşa təsir edir. Onun sözlərinə görə, sərhəd buraxılış məntəqələrinin ötürücülük qabiliyyəti, gücü oradakı hərəkət zolaqlarının sayından birbaşa asılıdır: “İndiki şəraitdə hər iki istiqamət üzrə genişləndirmələr həyata keçirilib. Bu, müsbət haldır. Azərbaycan ərazisində 2018-ci ildə Ələt-Astara-İran sərhədi avtomobil magistralı tikilib. Bu il isə ödənişli əsasla olan “Yaşma bağları”-Rusiya sərhədi yeni avtomobil yolu açıldı. Bu da ölkə ərazisinə sürətli keçidi təmin edir”.

Ekspert qeyd edib ki, sərhəd-keçid məntəqələrinin genişləndirilməsi ölkələr arasında yük dövriyyəsini, daşınmaları daha da artıracaq: “Azərbaycan ərazisindən tranzit kimi istifadə olunması, yükləri daşınması həm ölkəmizin siyasi müstəvidə əhəmiyyətini artıracaq, həm də tranzit gəlirlərimizi çoxaldacaq. Yəni Azərbaycan bundan siyasi və iqtisadi dividend əldə edəcək. Bu sahədə digər bir mühüm məsələ dəmir yolu seqmenti üzrədir ki, orada da işlər hazırda davam etdirilir”.

Vüqar MƏMMƏDOV

Medianews.az — Ana səhifə