CBRA-nın rəhbəri: “Orta Dəhliz yeni imkanlar yaradıb”

242

Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) yeni imkanlar yaradıb.

Bunu “Report”a açıqlamasında Sərhədlərarası Tədqiqatlar Assosiasiyasının (Cross-border Research Association – CBRA) rəhbəri Maykl Ellis bildirib.

Onun sözlərinə görə, hazırda həmin imkanlardan Avropa ölkələri yararlanırlar.

“Çox şadam ki, Azərbaycan nəqliyyat daşımalarını elektronlaşdırır. Bu, uğurlu nailiyyətdir. Orta Dəhliz boyunca ölkələr yüklərin keçidini asanlaşdırmalıdırlar. Bu istiqamətdə məlumat mübadiləsi mühüm amildir. Hazırda dünyada nəqliyyat axınında bir sıra problemlər var. Konteynerlər sürətli daşınmalıdır. Dünyada ticarətin həcmi artır, buna uyğun nəqliyyat genişləndirilməlidir.

Rusiya-Ukrayna müharibəsi daşımalara mənfi təsir göstərib. Ukrayna dünya bazarında əsas tədarükçü olmaqla buğda zəncirində mühüm yerə sahibdir, müxtəlif ölkələri bu strateji məhsulla təmin edir. Lakin müharibə göstərdi ki, mövcud nəqliyyat imkanları yetərli deyil və Orta Dəhlizin rolu artdı”, – deyə CBRA rəhbəri qeyd edib.

“Dünyada təhlükəli yüklərin daşınması ehtimalı var. Konteynerlərin sürətli daşındığı müddətdə təhlükəsizlik məsələsində balans yaratmalıyıq. Bütün ölkələr bu istiqamətdə ehtiyatlı olmalıdırlar. Yükdaşımada təhlükəsizlik məsələlərinə diqqət etməsək, bunun mənfi təsiri olar”, – deyə Assosiasiya rəhbəri əlavə edib.

M.Ellis rəhbərlik etdiyi Assosiasiyanın Azərbaycanla əməkdaşlığına da toxunub: “Biz Azərbaycanla əməkdaşlığın perspektivlərini müzakirə edirik”.

Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.