Üç balıqçı anbarda çürümüş balıqların qoxusundan zəhərlənərək dünyalarını dəyişib

363

Abxaziyada Türkiyə gəmisinin üç balıqçısı çürümüş balıqların qoxusundan zəhərlənərək dünyasını dəyişib.

TASS-ın məlumatına görə, onların hamısı Türkiyə vətəndaşıdır.

“Fevralın 16-da Türkiyə gəmisində balıqçılar anbarı təmizləyərkən çürümüş balıqların qoxusundan zəhərləniblər”, – agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, daha dörd zərərçəkən Qaqra xəstəxanasına çatdırılıb.  

Abxaziyanın kənd təsərrüfatı naziri Beslan Djopuanın TASS-a verdiyi məlumata görə, zərərçəkənlərə bütün lazımi yardımlar göstərilir. “Türkiyədən gələn gəmi balıqçılıq mövsümü başlayandan, 2023-cü ilin dekabrından Abxaziya sularındadır. Bizdə olan məlumata görə, gəminin anbarı Türkiyədə olan vaxtdan bu yana açılmayıb və cümə günü yumaq üçün anbara düşən balıqçı huşunu itirib. Onun arxasınca anbara düşən daha iki balıqçı da huşunu itirib. Nəticədə hər üçü zəhərlənərək ölüb. Anbarda demək olar ki, oktyabr ayından qalan balıqlar çürüyübmüş”.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəlib və bütün lazımi tədbirlər görülür. Ölən balıqçıların cəsədləri vətənlərinə göndəriləcək.

Qeyd edilib ki, dekabrın sonundan martın sonuna kimi Abxaziyada sənaye üsulu ilə balıq ovlanılır, ondan balıq unu və balıq yağı istehsal olunur, Abxaziyanın öz balıqçı gəmiləri olmadığı üçün yerli şirkətlər Türkiyə gəmilərini icarəyə götürüblər.

“Seanews.az”