İsveç hökuməti Qotland adasında yeni ehtiyat liman obyektlərinin yaradılması üzrə işləri davam etdirir.
“Seanews.az” xəbər verir ki, bu barədə “Krasnaya Vesna” xəbər agentliyi İsveç Kənd Təsərrüfatı və İnfrastruktur Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
İsveç Nəqliyyat Administrasiyasına Kappelşamn limanının tikintisi ilə bağlı ilkin araşdırmaya başlamaq tapşırılıb. Məsələ Dəniz Administrasiyası, İsveç Silahlı Qüvvələri və Müdafiə Agentliyi ilə birgə öyrəniləcək.
“Əgər gözlənilməz bir şey baş verərsə, Qotland işlək limana ehtiyac duyur. Hazırda Visbi limanı hər hansı səbəbdən əlçatmaz olarsa, kifayət qədər yaxşı alternativ yoxdur. Buna görə də hökumət hesab edir ki, ehtiyat limanın yaradılması üzrə işlər davam etdirilməlidir və Kappelshamn bunun üçün ən yaxşı variantdır”, – deyə İsveçin İnfrastruktur və Mənzil Təsərrüfatı naziri Andreas Karlson bildirib.
25 iyun 2024-cü il tarixindən gec olmayaraq, İsveç Nəqliyyat Administrasiyası İsveç Kənd İşləri və İnfrastruktur Nazirliyinə təxmini xərclər barədə hesabat təqdim etməlidir. Yekun tapşırıq hesabatı 15 noyabr 2024-cü il tarixindən gec olmayaraq təqdim edilməlidir.
Xatırladaq ki, Qotland adası Baltik dənizində İsveç və Latviya arasında yerləşir. İsveçin Baş naziri Ulf Kristerssonun dediyi kimi, adada az sayda isveçli hərbçi var və NATO-nun digər ölkələrinin Skandinaviya və Baltikyanı ölkələrin rəhbərləri Qotlandı hərbi alyansın müdafiəsində zəif nöqtə hesab edirlər. Kristersson bildirib ki, Qotlandın möhkəmləndirilməsi NATO tərəfdaşları ilə danışıqlarda gündəmin əsas mövzusu olacaq.