“Titan” faciəsi: qurbanların qalıqları ayaqqabı qutularında ailələrə təhvil verilib

72

“Titan” batiskafı qəzasında həyat yoldaşını və yeniyetmə oğlunu itirən qadın bildirib ki, yaxınlarının qalıqları ona kiçik “ayaqqabı qutularında” təhvil verilib.

2023-cü ildə “Titanik” gəmisinin qalıqlarına doğru hərəkət edərkən sualtı aparatın partlaması nəticəsində həyat yoldaşı Şahzadə Davud və 19 yaşlı oğlu Süleymanı itirən Kristin Davud qalıqların ona təhvil veriləcəyi barədə məlumat aldıqda şok yaşadığını bildirib.

“Doqquz ay ərzində cəsədləri ala bilmədik, sonda isə bizə kiçik idman ayaqqabısı qutularında göndərdilər”, – deyə o qeyd edib.

Qəza baş verən sualtı aparatda özü də olmalı olan, lakin son anda yerini oğlu Süleymana verən Kristin Davud bildirib ki, ekspertlərin dəniz dibindən çıxardıqları və DNT testi vasitəsilə müəyyən etdikləri qalıqlar məhz bunlardır.

Xatırladaq ki, “Titan” 2023-cü il iyunun 18-də səhər saatlarında suya enməyə başlayıb, lakin “Titanik” gəmisinin qalıqlarına doğru hərəkət edərkən təxminən iki saat sonra müşayiət gəmisi ilə əlaqəni itirib.

Kompressiya partlayışı nəticəsində “Titan”ın göyərtəsində olan sərnişinlərin hamısı hadisə yerində həlak olub.