İsveç sahil mühafizəsi “Jin Hui” adlı tankeri saxlayıb.
Bu barədə İsveçin mülki müdafiə naziri Karl-Oskar Bolin məlumat verib.
Onun sözlərinə görə, gəminin saxta bayraq altında fəaliyyət göstərməsi ehtimal edilir və həmin tanker Avropa İttifaqı, Böyük Britaniya və Ukraynanın sanksiya siyahılarına daxil olan subyektlərlə əlaqəli ola bilər.
Nazir həmçinin bildirib ki, tankerin texniki vəziyyəti, sığorta sənədləri və ümumilikdə istismar hüququ ilə bağlı ciddi suallar mövcuddur.
Hadisə İsveçin ərazi sularında, Baltik dənizi istiqamətində hərəkət zamanı baş verib. Hazırda gəmi Trelleborq limanında saxlanılıb və onunla bağlı araşdırmalar davam etdirilir. Sahil mühafizəsinin məlumatına görə, tankerin təyinat limanı da dəqiq müəyyən edilməyib.





