Hörmüzdə partlayış: Cənubi Koreya gəmisində xəsarət qeydə alınmayıb

79

Hörmüz boğazında Cənubi Koreya şirkətinə məxsus yük gəmisində baş verən partlayış və yanğın nəticəsində 24 nəfərlik heyət üzvlərindən heç biri xəsarət almayıb.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, heyət üzvlərindən 6-sı Cənubi Koreya vətəndaşı, digərləri isə xarici ölkə vətəndaşlarıdır.

Nazirlik “HMM Namu” adlı gəmidə baş verən yanğının tam söndürüldüyünü açıqlayıb. Hazırda dəymiş zərərin qiymətləndirilməsi aparılır və gəminin təmir məqsədilə yaxınlıqdakı limanlardan birinə yönləndirilməsi planlaşdırılır. Hadisənin dəqiq səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.

Hadisə mayın 4-də axşam saatlarında gəminin mühərrik bölməsində baş verən partlayışla başlayıb. Cənubi Koreyanın Dənizçilik Nazirliyi ilkin olaraq insidentin hücum nəticəsində baş verdiyini istisna etmədiyini bildirib.