Diri heyvan daşımaları üzrə dünyanın ən böyük tonnaj təminatçılarından biri olan “Vroon Holding” 60 illik fəaliyyətdən sonra bu seqmentdən çıxacağını açıqlayıb.
Şirkət öz törəmə müəssisəsi “Livestock Express”i Avstraliyanın kənd təsərrüfatı nəhəngi “Heytesbury” qrupuna satmaq barədə razılığa gəlib.
Müqaviləyə “Vroon”a məxsus 11 ixtisaslaşdırılmış heyvan daşıyan gəmi, Sinqapur ofisi və texniki idarəetmə xidmətləri daxildir. Şirkət bu qərarı enerji, maye yüklər, infrastruktur və dəniz külək enerjisi sahələrinə fokuslanma strategiyası ilə izah edib.
“Livestock Express” sektorda köhnə gəmilərin yenidən qurulması əvəzinə, heyvan rifahı üçün xüsusi dizayn edilmiş müasir gəmilərin istifadəsi ilə tanınan aparıcı operatorlardan biri hesab olunur. Şirkət ildə orta hesabla 600–750 min baş iribuynuzlu və xırdabuynuzlu heyvan daşınmasını həyata keçirir.
Bu addım dəniz yolu ilə diri heyvan ixracı sektorunda müşahidə olunan genişmiqyaslı daralmanın davamı kimi qiymətləndirilir. Heyvan hüquqları müdafiəçilərinin təzyiqləri fonunda Avstraliya 2028-ci ildən dəniz yolu ilə qoyun ixracını qadağan edib, Yeni Zelandiya da oxşar məhdudiyyətlər tətbiq etməyə başlayıb. Sektordakı digər iri oyunçulardan “Wellard”ın 2025-ci ildə fəaliyyətini dayandırması isə bazarın sürətlə kiçildiyini göstərir.
Seanews.az





