Litvada təlim-məşq toplanışında olan akademik avarçəkmə üzrə gənclərdən ibarət yığma komandamızın üzvü Azər İlyasov beynəlxalq arenada növbəti uğura imza atıb. İdmançımız bu ölkənin Şaulyay şəhərində təşkil olunan akademik avarçəkmə üzrə Açıq Litva çempionatında gümüş medal qazanıb.
Gərgin rəqabət şəraitində keçən yarışda yerli idmançılarla yanaşı, ABŞ, İsveçrə və İsrail kimi ölkələrin güclü avarçəkənləri də birincilik uğrunda mübarizə aparıblar. Təmsilçimiz Azər İlyasov 15 idmançının qüvvəsini sınadığı olduqca çətin yarımfinal mərhələsini uğurla dəf edərək həlledici yürüşə – “A” finalına vəsiqə qazanıb.
Olduqca əlverişsiz, yağışlı və küləkli hava şəraitində baş tutan həlledici final mərhələsində idmançımız yüksək iradə nümayiş etdirib. O, 2000 metr məsafəni 7 dəqiqə 52 saniyəyə qət edərək finiş xəttini ikinci sırada keçib. Azər İlyasov bu nəticə ilə yalnız yerli Litva idmançısından geri qalaraq turnirin gümüş medalına layiq görülüb.
Denizxeber.az kollektivi olaraq gənc idmançımızı beynəlxalq turnirdə qazandığı bu mühüm uğur münasibətilə təbrik edir və ona növbəti yarışlarda yeni-yeni qələbələr arzulayırıq!






