ABŞ və İran arasında hərbi gərginliyin yenidən pik həddə çatması fonunda strateji Hörmüz boğazında dəniz nəqliyyatının hərəkəti kəskin şəkildə zəifləyib.
Denizxeber.az bildirir ki, qarşılıqlı toqquşmalar və Yaxın Şərqdə kommersiya gəmilərinə edilən hücumlar qlobal gəmiçilik şirkətlərinin təhlükəsizlik narahatlıqlarını maksimum dərəcəyə çatdırıb.
“Kpler” analitik şirkətinin qlobal gəmi izləmə (AIS) məlumatlarına görə, bazar günü Hörmüz boğazından cəmi 6 gəmi keçib ki, bu da son 5 həftənin ən aşağı göstəricisidir. Boğazdan keçən həmin azsaylı tankerlərin statusu aşağıdakı kimidir:
1 gəmi: 2 milyon barel İran nefti daşıyır,
1 gəmi: Təxminən 500 min barel Küveyt neft məhsulları daşıyır,
3 gəmi: Neft yükləmək üçün Körfəzə daxil olan boş tankerlərdir.
Həmçinin Əbu-Dabi Milli Neft Şirkətinə (ADNOC) məxsus bir tanker iyulun 10-12-si tarixləri arasında boğazı tərk edərək Hindistanın Dahej limanına doğru hərəkətini davam etdirib. Diqqətçəkən digər məqam isə həftəsonu boğazdan bir dənə də olsun mayeləşdirilmiş təbii qaz (LNG) tankerinin keçməməsidir.
İran tərəfinin Hörmüz boğazını bağlaması və keçmək istəyən gəmilərin təhlükə altında olacağı barədə bəyanatlarına ABŞ-dan cavab gəlib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) rəsmi açıqlama yayaraq bəyan edib ki, Hörmüz boğazı beynəlxalq hüquq çərçivəsində qanuni keçid etmək istəyən bütün kommersiya və yük gəmiləri üçün açıqdır və dəniz təhlükəsizliyi təmin olunacaqdır.
Buna baxmayaraq, İranın ABŞ-ın zərbələrindən sonra Körfəz ölkələrindəki hədəflərə hücumları genişləndirməsi və enerji marşrutlarını birbaşa təhdid etməsi dünya bazarlarına təsir göstərib və neft qiymətləri sürətlə 4 faiz bahalaşıb.
Beynəlxalq Enerji Agentliyinin (BEA) aylıq hesabatına əsasən, ABŞ-İran sülh razılaşmasından sonra qlobal neft tədarükü iyun ayında gündəlik 4,1 milyon barel artsa da, müharibədən əvvəlki dövrlə müqayisədə hələ də 9,4 milyon barel aşağı səviyyədə qalmaqdadır.
Cari il fevralın 28-də regional müharibə başlamamışdan əvvəl Hörmüz boğazından gündəlik orta hesabla 130 ticarət gəmisi keçirdi. Lakin hərbi əməliyyatların aktiv fazasında bu rəqəm bəzi günlərdə cəmi 1 gəmiyə qədər enmiş, müharibənin ilk 100 günündə isə sutkalıq orta göstərici 10 gəmidən yuxarı qalxmamışdı. Bu isə strateji su yolundakı qlobal dəniz ticarətinin müharibədən əvvəlki dövrlə müqayisədə 95 faizə qədər geriləməsi deməkdir.





