Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çinin “Guoyou Materials Industry Group” şirkətinin rəhbəri Yu Boyanı qəbul edib. Görüşdə liman infrastrukturunun inkişafı və Xəzər dənizində daşımaların genişləndirilməsi müzakirə olunub.
Denizxeber.az bildirir ki, Çin şirkəti Manqistau vilayətində Kurık limanının genişləndirilməsi layihəsini icra edəcək. Burada tikiləcək çoxfunksiyalı multimodal hab sayəsində fəaliyyətin ilk ilində limanın illik ötürmə qabiliyyətinin 15 milyon tona çatdırılması planlaşdırılır.
Prezident Tokayev ölkəsinin Avrasiyanın əsas nəqliyyat-logistika mərkəzinə çevrilmək hədəfini vurğulayaraq, bu layihənin dəniz və dəmir yolu logistikasının inteqrasiyasını sürətləndirəcəyini, regionun ixrac və tranzit potensialını artıracağını bildirib. Layihə həmçinin yeni iş yerlərinin açılmasına və yerli kadrların inkişafına töhfə verəcək.
Qeyd edək ki, Qazaxıstan Prezidenti hazırda Çinin Şanxay şəhərində işgüzar səfərdədir. Səfər çərçivəsində keçirilən görüşlərdə Kurık limanı ilə yanaşı, Qazaxıstanda Mərkəzi Asiyanın ilk akkumulyator zavodunun və ilk hidroakkumulyasiya elektrik stansiyasının tikintisinə dair mühüm müqavilələr də imzalanıb.





