Beynəlxalq Ay Günündə dəniz naviqasiyasında Ayın rolu

447

Hər il iyulun 20-də dünyada Beynəlxalq Ay Günü qeyd olunur. Bu əlamətdar gün 1969-cu ildə “Apollon-11” missiyası çərçivəsində insanın Aya ilk enişinin ildönümü şərəfinə seçilib.

Denizxeber.az bildirir ki, Beynəlxalq Ay Günü 2021-ci ilin dekabrında BMT Baş Assambleyasının qətnaməsi ilə rəsmi status alıb. Günün təsis edilməsində əsas məqsəd Ayın dayanıqlı şəkildə tədqiqi və kosmik fəzanın dinc məqsədlərlə istifadəsi sahəsində beynəlxalq əməkdaşlığı təşviq etmək, həmçinin bu tarixi hadisədə əməyi olan alim və astronavtların töhfəsini xatırlatmaqdır.

Yer planetinin yeganə təbii peyki olan Ay, kosmik dövrün başlanğıcından bəri bəşəriyyətin əsas hədəflərindən birinə çevrilib. Son 60 ildən artıq müddətdə müxtəlif ölkələr tərəfindən Aya 77-dən çox uğurlu kosmik missiya həyata keçirilib. BMT-nin Kosmik Məkan Məsələləri üzrə İdarəsi bu sahədə qlobal tərəfdaşlığın inkişafına dəstək verir.

Qeyd edək ki, builki Beynəlxalq Ay Gününün mövzusu “Bir Ay, Bir Baxış, Bir Gələcək” adlanır və dünya miqyasında müxtəlif maarifləndirici tədbirlərlə qeyd olunur.