Qazaxıstan neftinin Avropa bazarına nəql olunduğu Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) Qara dənizdəki Novorossiysk terminalında neft yüklənməsi dron hücumlarından sonra müvəqqəti dayandırılıb. Hadisə Avropanın enerji təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaradıb.
Denizxeber.az bildirir ki, terminalda neft qəbul edən “ASIA” və “NISSOS IOS” tankerləri PUA hücumuna məruz qalıb. Hücum nəticəsində gəmilərdən birində yanğın baş versə də, qısa müddətdə söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb və dənizə neft sızması qeydə alınmayıb.
Qazaxıstanın Energetika Nazirliyi yükləmə sistemlərinin zədələnmədiyini, lakin təhlükəsizlik səbəbindən əməliyyatların müvəqqəti dayandırıldığını bildirib. Qazaxıstan XİN isə mülki gəmilərə hücumu pisləyərək, bunu ölkənin iqtisadi maraqlarına və qlobal enerji bazarına zərbə kimi qiymətləndirib.
Qeyd edək ki, 1510 kilometrlik CPC boru kəməri Qazaxıstanın neft ixracının 80 faizini təmin edir. Rumıniya başda olmaqla Mərkəzi və Cənub-Şərqi Avropa ölkələri üçün bu marşrut strateji əhəmiyyət daşıyır.





