Xəzər dənizində yeni logistik körpü

171

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı çərçivəsində daha bir irimiqyaslı layihənin icrasına başlanılır. Əsas məqsəd Qazaxıstanın Kurık limanı ilə Bakı limanını birləşdirəcək Trans-Xəzər Parom Sisteminin qurulmasıdır.

Denizxeber.az bildirir ki, bu barədə Kurık limanının baş direktoru Erkin Niğmetov bildiriş yayıb.

Liman rəhbərinin sözlərinə görə, layihə çərçivəsində hər iki tərəfdə müasir dəmir yolu-parom platformalarının və xüsusi terminalların tikintisi planlaşdırılır. Bundan əlavə, daşımaların effektivliyini artırmaq məqsədilə yeni nəsil 6 ədəd paromun alınması nəzərdə tutulub. Yeni paromların hər biri eyni vaxtda 120 yüklü vaqon götürmək qabiliyyətinə malik olacaq.

Bu strateji layihə Xəzər dənizi üzərindən yükdaşıma həcmlərini əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, Orta Dəhliz boyunca yüklərin mənzil başına çatdırılma müddətini kəskin sürətləndirəcək.