Hər il iyulun 23-də dünyanın bir sıra ölkələrində Ümumdünya Balinalar və Delfinlər Günü qeyd olunur.
Denizxeber.az bildirir ki, bu əlamətdar gün 1982-ci il iyulun 23-də Beynəlxalq Balina Ovçuluğu Komissiyası tərəfindən tətbiq olunmuş və 1986-cı ildə qüvvəyə minmiş balina ovuna qadağanın ildönümü münasibətilə təsis edilib. Həmin qadağa bu gün də qüvvədədir və bütün dünyada balina ovunun, eləcə də balina ətinin ticarətinin qadağan olunmasını nəzərdə tutur.
Lakin kommersiya məqsədli ov bu heyvanlar üçün yeganə təhlükə deyil. Balina və delfinlərin sayının azalmasında dənizlərin plastik və digər məişət tullantıları ilə çirklənməsi, həmin tullantıların həzm sisteminə zərər vurması, eləcə də onların əyləncə mərkəzləri (delfinariumlar) üçün ovlanması mühüm rol oynayır. Bu səbəbdən 23 iyul yalnız balinaların deyil, bütün dəniz məməlilərinin qorunmasına həsr olunmuş beynəlxalq gün hesab olunur.
Qeyd edək ki, Yer üzündə yaşayan ən böyük canlı olan mavi balina (çəkisi 200 tona, uzunluğu 35 metrə çatır), ən iri yırtıcı delfin sayılan qatil balina (orka) və digər dəniz məməliləri okean ekosisteminin əsas sütunlarındandır. Bu nəhəng, lakin müdafiəsiz canlıları qorumaq dənizdəki həyatın davamlılığı üçün böyük əhəmiyyət kəsb edir.





