Türkiyədə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) ərəfəsində Antalyanın ekoloji prioritetlərinə həsr olunmuş geniş tərkibli seminar keçirilib.
Denizxeber.az Sıfır Tullantı Vəqfinə istinadən verdiyi məlumata görə, “Türkiyə Sıfır Tullantı, Ətraf Mühit və İqlim Dəyişikliyi” mövzusunda təşkil olunan tədbirdə tullantıların azaldılması, resurslardan səmərəli istifadə, dairəvi iqtisadiyyat və yerli ekoloji siyasətin gücləndirilməsi istiqamətində təkliflər hazırlanıb. Görüşün nəticələri şəhərin “Yerli Sıfır Tullantı Hədəf Sənədi”nin əsasını təşkil edəcək.
Tədbirdə çıxış edən Sıfır Tullantı Vəqfinin İdarə Heyətinin sədri Samed Ağırbaş Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə başlayan Sıfır Tullantı Hərəkatının artıq qlobal miqyas aldığını vurğulayıb. O, xüsusilə Aralıq və Egey dənizləri sahillərində plastik çirklənməyə qarşı genişmiqyaslı proqramın icra olunacağını bildirib.
Seminarda Antalya valisi Hulusi Şahin, TBMM-in deputatı Mövlud Çavuşoğlu və Akdeniz Universitetinin rektoru Özlenen Özkan çıxış edərək ekoloji problemlərin həllində ortaq məsuliyyətin vacibliyini qeyd ediblər.
Tədbir çərçivəsində su ehtiyatlarının qorunması, enerji səmərəliliyi, plastik tullantılarla mübarizə, qida israfının qarşısının alınması, davamlı turizm və yaşıl maliyyələşmə kimi prioritet mövzular ətrafında müzakirələr aparılıb.





