Xəzər dənizində logistik fasilə

146

Qara dənizdə naviqasiyanın, heyət üyələrinin və ətraf mühitin təhlükəsizliyini təmin etmək məqsədilə Xəzər Boru Kəməri Konsorsiumunun (XBK/CPC) dəniz terminalında xam neftin yüklənməsi müvəqqəti olaraq dayandırılıb.

Denizxeber.az Qazaxıstan Respublikasının Enerji Nazirliyinə istinadla xəbər verir ki, konsorsiumun bütün istehsalat və texniki obyektləri tam işlək vəziyyətdədir. Vəziyyət normallaşdıqdan dərhal sonra terminal gəmilərin doldurulmasını bərpa etməyə hazırdır.

Qazaxıstan Enerji Nazirliyindən bildirilib ki, boru kəməri sisteminə neft qəbuluna qoyulan texniki məhdudiyyətlər səbəbindən rezervuar parklarının normadan artıq dolmasının qarşısını almaq üçün neft hasil edən şirkətlər gündəlik hasilat həcmində nəzarətli tənzimləmə aparıblar. Bu addım hasilat proseslərinin sabitliyini qorumaq məqsədilə atılmış sırf texnoloji xarakterli müvəqqəti tədbirdir.

Hazırda Qazaxıstanın aidiyyəti qurumları XBK rəhbərliyi, əsas yükgöndərənlər, gəmi sahibləri və dənizçilik idarələri ilə sıx təmasdadır. Qazaxıstan neftinin dünya bazarlarına təhlükəsiz və sabit ixracının tez bir zamanda bərpası üçün məsləhətləşmələr davam etdirilir.